Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Rəfael Güləliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"AzPolitika" Pravda.az-a istinadla xəbər verir ki, hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Rəfael Güləliyevə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, hadisə 2026-cı il martın 19-da saat 19 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən yaşayış binasının qarşısındakı köməkçi tikilidə baş verib.
Belə ki, Rəfael Güləliyev əvvəlcədən özü ilə gətirdiyi bıçaqla tanışı, zərərçəkmiş Mahir Rəsulovla (soyadı şərtidir) aralarında yaranmış borc mübahisəsi zamanı ona çox sayda zərbə endirib.
İstintaqla müəyyən edilib ki, zərərçəkmiş şəxs təqsirləndiriləndən 1 500 manat borcunu geri qaytarmasını tələb edib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Rəfael Güləliyev bıçaqdan istifadə edərək Mahir Rəsulovun sol saidinin yuxarı hissəsinə, sol əlinə, sol buduna və bel nahiyəsinə zərbələr vurub.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişə yetirilən xəsarətlərdən bel nahiyəsində qarın boşluğuna keçən və enən çənbər bağırsağını zədələyən yara həyat üçün təhlükəli hesab olunub və sağlamlığa ağır zərər vuran xəsarət kimi qiymətləndirilib. Digər bıçaq yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kimi dəyərləndirilib.
Məhkəmə iclasında ifadə verən Rəfael Güləliyev ittiham üzrə özünü qismən təqsirli bildiyini, lakin zərərçəkmişə yalnız bir bıçaq zərbəsi endirdiyini deyib.
Onun sözlərinə görə, hadisədən əvvəl Mahirdən 3 000 manat borc alıb və həmin məbləğin 2 700 manatını müxtəlif vaxtlarda geri qaytarıb. Borcun cəmi 300 manat qaldığını düşünsə də, zərərçəkmiş ondan 1500 manat tələb edib.
Rəfael Güləliyev ifadəsində qeyd edib ki, borc məsələsinə görə Mahirlə aralarında bir neçə dəfə mübahisə yaranıb: "O mənə telefon vasitəsilə davamlı təhqiramiz və hədə dolu səsli mesajlar göndərib, "səni vuracağam", "boynunu üzəcəyəm", "haradan çıxacağımı bilməyəcəksən" kimi ifadələr işlədirdi. Bu səbəbdən təhlükəsizliyim üçün bir müddət Bakı şəhərinə getdim, lakin Novruz bayramı günlərində yenidən Salyana qayıtdım. Hadisə günü Mahir məni qaraja çağırdı. Mən isə ehtiyat məqsədilə özümlə bıçaq götürərək görüşə getdim".
İfadəsində qeyd edib ki, qarajda zərərçəkmiş əvvəlcə onu təhqir edib, sonra isə orada olan mətbəx bıçağına əl ataraq boğazını kəsməklə hədələyib.
Rəfael Güləliyev bildirib ki, o da cibindən bıçağı çıxarıb. Daha sonra Mahir onun boğazından tutduğundan ona yumruq vurub: "Mahir yenidən mətbəx bıçağına tərəf uzanarkən cibimdəki bıçaqla ardıcıl üç zərbə endirdim. İlk iki zərbə dəymədi, yalnız üçüncü zərbə onun bədəninə daxil oldu".
Təqsirləndirilən şəxs deyib ki, zərbədən sonra hadisə yerini tərk edib. Bir qədər sonra yenidən geri qayıdaraq bıçağı zərərçəkmişin boğazına dirəyib ondan "qələt eləmişəm" deməsini tələb etsə də, fikrini dəyişərək oradan uzaqlaşıb.
O, hadisədən sonra yenidən Bakıya getdiyini, daha sonra polis əməkdaşının zəngindən sonra geri qayıtdığını və Mahirin ona göndərdiyi səsli mesajların telefonunda sübut kimi saxlandığını da məhkəməyə bildirib.

Şərhlər