Ermənistanın KTMT orqanlarında səsvermə hüququndan məhrum edilməsi qərarı konsensusla əldə edilməlidir. 

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev RİA Novosti agentliyinə açıqlamasında deyib.

Vasiliyev agentliyə bildirib ki, "Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası 11 noyabrda Moskvada keçiriləcək və liderlər, çox güman ki, bu məsələni müzakirə edəcəklər. Lazım gələrsə, bu barədə qərar konsensusla qəbul ediləcək".

Daimi nümayəndə vurğulayıb ki, KTMT Nizamnaməsinin 25-ci maddəsində iki il ərzində büdcə borclarını ödəməməsi halında Təşkilat orqanlarında səsvermə hüquqlarının, eləcə də kvota vəzifələrini irəli sürmək hüquqlarının dayandırılması ehtimalı nəzərdə tutulur.

"De-fakto, bu vəziyyət iki ildən çoxdur ki, davam edir, çünki Ermənistan öz vətəndaşlarını Katiblikdə kvota vəzifələrinə namizəd göstərmir və həmçinin nümayəndələrini KTMT Birgə Qərargahından geri çağırıb", - deyə o bildirib.

Ermənistan 2024-cü ildə KTMT-dəki iştirakını dondurub.

“AzPolitika.info”