Menu

Azərbaycanın enerji siyasətinin yeni mərhələsi - Böyük sazişin detalları AÇIQLANDI

27.11.2026, 16:10
Azərbaycanın enerji siyasətinin yeni mərhələsi - Böyük sazişin detalları AÇIQLANDI

“Orta Kür layihəsinin əhəmiyyətini yalnız gələcək hasilatın həcmi ilə ölçmək düzgün olmazdı. Layihənin əsas dəyəri resurs potensialını texnologiya, insan kapitalı, yerli sahibkarlıq və regional inkişaf imkanları ilə birləşdirməsindədir”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının Orta Kür Kontrakt Sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin müzakirəsi zamanı çıxışında deyib.Komitə sədri bildirib ki, sözügedən sənəd Azərbaycanın enerji siyasətinin yeni mərhələsi baxımından mühüm əhəmiyyət daşıyır və ölkənin enerji resurslarından səmərəli istifadə, yeni ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsi, eləcə də qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində atılan növbəti strateji addımdır.Sadiq Qurbanov sazişin imzalanma prosesinə toxunaraq xatırladıb ki, Prezidentin 8 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə SOCAR-a sazişi hazırlamaq, dövlət adından imzalamaq və onun qüvvədə olduğu müddətdə ölkənin mənafelərini təmsil etmək səlahiyyəti verilib. SOCAR ilə ABŞ-nin enerji nəhəngi “ExxonMobil” arasında aparılan ardıcıl danışıqların yekunu olaraq sənəd 26 sentyabr 2026-cı ildə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanıb.Deputat layihənin texniki və kommersiya detallarını da diqqətə çatdırıb:

"Sazişin əsas xüsusiyyəti Orta Kür Kontrakt Sahəsində qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi üçün ən müasir texnologiyaların tətbiqidir.

Layihədə “ExxonMobil” 50 faiz iştirak payına malik olmaqla operator funksiyasını həyata keçirəcək. Digər 50 faiz pay isə SOCAR-ın kommersiya törəmə şirkəti olan “Middle Kura” MMC-yə məxsusdur.

Layihənin idarə olunması və dövlət maraqlarının icra prosesində ardıcıl təmin edilməsi məqsədilə SOCAR və podratçının nümayəndələrindən ibarət Rəhbər Komitə yaradılacaq".

Komitə sədri vurğulayıb ki, kontrakt sahəsinin Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Gəncə-Daşkəsən iqtisadi rayonlarının müəyyən hissələrini əhatə etməsi layihəyə regional inkişaf baxımından xüsusi önəm verir. Onun sözlərinə görə, kəşfiyyat və hasilat işləri regionlarda yeni xidmət sahələrinin yaranmasına, infrastrukturun genişlənməsinə və məşğulluğun artmasına ciddi təkan verəcək.

Sənəddə Azərbaycan vətəndaşlarının işə götürülməsinə və yerli şirkətlərə üstünlük verilməsinə dair xüsusi müddəaların yer aldığını deyən S.Qurbanov qeyd edib ki, əsas hədəflərdən biri yerli mütəxəssislərin beynəlxalq istehsalat standartları üzrə təcrübəsinin artırılmasıdır.

Çıxışda ətraf mühitin mühafizəsi məsələsinə də toxunulub. Bildirilib ki, saziş çərçivəsində bütün ekoloji tədbirlər Azərbaycan qanunvericiliyinə, beynəlxalq neft-qaz sənayesinin müsbət təcrübəsinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinə əsasən həyata keçiriləcək.

Sadiq Qurbanov sazişin təsdiqinin ölkənin enerji təhlükəsizliyi, texnoloji imkanlarının genişlənməsi və regionların sosial-iqtisadi potensialının gücləndirilməsi baxımından tam məqsədəuyğun olduğunu vurğulayaraq deputat həmkarlarını sənədə səs verməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol