Menu

Paşinyan hakimiyyətinin taleyini Konstitusiyaya bağladı: Ermənistanı nə gözləyir?

27.11.2026, 15:50
Paşinyan hakimiyyətinin taleyini Konstitusiyaya bağladı: Ermənistanı nə gözləyir?

Ermənistanla Azərbaycan arasında sülh prosesinin növbəti mərhələsi İrəvanın Konstitusiya dəyişiklikləri ilə bağlı atacağı addımlardan asılıdır. Bakı Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas kimi istinad edilə biləcək müddəaların aradan qaldırılmasını sülhün vacib şərtlərindən biri hesab edir. Baş nazir Nikol Paşinyan isə yeni Konstitusiyanın hazırlanmasını gündəmə gətirməklə bu istiqamətdə siyasi təşəbbüs göstərir. Lakin məsələ təkcə hüquqi dəyişikliklərlə məhdudlaşmır. Ermənistanda müxalifətin mövqeyi, ictimai rəy və qarşıdan gələn siyasi proseslər bu təşəbbüsün taleyinə təsir edə bilər. 

Bəs Paşinyan Konstitusiya dəyişikliyinə nail ola biləcəkmi? Bu addım Azərbaycanla sülh sazişinin imzalanmasına real zəmin yaradacaq, yoxsa Ermənistan daxilində yeni siyasi qarşıdurmaya səbəb olacaq?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan politoloq Əli Mustafa bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yeni konstitusiyanın qəbul edilməsi istiqamətində ciddi səylər göstərir. Lakin bu prosesin həyata keçirilməsi həm daxili siyasi mühitdə, həm də hüquqi müstəvidə bir sıra mühüm maneələrlə qarşılaşır:

"Prosesin qarşısında duran əsas siyasi çətinliklər müxtəlif daxili və xarici dairələrin fəaliyyəti ilə bağlıdır. Qarabağdan köçən şəxslərin müəyyən məsələlərə etirazları və bu mövzular üzərindən aparılan siyasi spekulyasiyalar cəmiyyətdə gərginlik yaratmaq üçün istifadə olunur. Eyni zamanda, parlament daxilində də ciddi narazılıqlar müşahidə edilir. Prosesə qarşı aparılan kampaniyalarda Rusiya yönümlü narrativlər kifayət qədər aktiv şəkildə tətbiq olunur. Müxalif dairələr və resurslar yeni konstitusiya layihəsini qeyri-demokratik, hakimiyyətin bir əldə cəmlənməsinə xidmət edən və ölkədə avtoritar rejim üçün "inkubator" yaradan bir sənəd kimi təqdim etməyə çalışırlar. Bundan əlavə, sənədin Ermənistanın milli mövqeyinə zidd olduğu, yalnız Paşinyanın şəxsi maraqlarına xidmət etdiyi haqda siyasi demaqogiyalardan geniş istifadə edilir. Hüquqi baxımdan əsas maneə konstitusiya referendumunun keçirilməsi üçün parlamentdə tələb olunan səs çoxluğunun əldə edilməsidir. Mövcud konfiqurasiyada hakim komandanın bu qərarı təkbaşına qəbul etməsi üçün təxminən altı səsi çatmır. Müxalifətin bu dəstəyi verməyəcəyi aydındır. Əgər parlament daxilində lazım olan səs toplanmazsa, hakimiyyət böyük ehtimalla referenduma getmək üçün qanunvericiliyin verdiyi digər alternativ hüquqi mexanizmlərdən istifadə etməli olacaq".


Politoloqun sözlərinə görə, mövcud çətinliklərə baxmayaraq Paşinyan və komandası kifayət qədər israrlı görünür:

"Layihənin müzakirəsinin gələn ilin aprel-may aylarına qədər uzadılması hökumətə əlavə manevr imkanları qazandırır. Bu müddət ərzində dünyada və regionda baş verən geosiyasi dəyişikliklər, xüsusilə Rusiyanın regiondakı təsir imkanlarının artıb-azalması Paşinyanın atacağı addımlara təsir göstərən ciddi faktorlar kimi çıxış edir. Digər tərəfdən, Paşinyan məsələni öz siyasi taleyi ilə əlaqələndirərək cəmiyyətə bir növ siyasi mesaj və basqı ünvanlayır. O, konstitusiya qəbul olunacağı təqdirdə növbəti seçkilərdə iştirak edəcəyini, əks halda isə istefa verəcəyini açıqlayır. Bu, seçicilərə mövcud siyasi kursun davamı ilə qeyri-müəyyənlik arasında seçim etmək çağırışıdır. Eyni zamanda müxalifətin "avtoritarizm" ittihamları fonunda Paşinyanın konstitusiya islahatlarından sonra hakimiyyətdən gedə biləcəyi ilə bağlı bəyanatları bu təbliğatın təsirini neytrallaşdırmağa yönəlib. Ümumilikdə prosesə nəzər salsaq, başlanan islahatların məntiqi sonluğa çatacağı gözlənilir. Qarşıdakı dövrdə müəyyən maliyyə çətinlikləri, etiraz aksiyaları və siyasi çalxalanmalar yaşansa da, bunların prosesi dayandıracaq qədər güclü amilə çevriləcəyi inandırıcı görünmür. Böyük ehtimalla, müəyyən mexanizmlər tapılacaq və 2027-ci ildə yeni konstitusiya qəbul ediləcək. Nəticə etibarilə, Paşinyan bu islahatları həyata keçirərək öz siyasi kursunu davam etdirəcək".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol