Qətər, Səudiyyə Ərəbistanı və İordaniya Türkiyəyə, daha sonra isə Avropaya təbii qaz tədarükü üzrə yeni marşrutun tərkib hissəsi ola bilər.
"Report"un məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "TRT Haber"ə müsahibəsində bildirib.
Nazir bildirib ki, perspektivdə Türkiyə Bəsrəyə qədər uzadılması planlaşdırılan neft kəməri boyunca, habelə elektrik ötürücü xəttlərinin yanında qaz kəmərinin tikintisini nəzərdən keçirir. Onun sözlərinə görə, bu layihə gələcəkdə Qətər və Fars körfəzi ölkələrində hasil edilən digər təbii qazı İraq vasitəsilə Türkiyəyə, daha sonra isə Avropa bazarına nəql etməyə imkan verəcək.
O əlavə edib ki, mövcud infrastruktur miqyaslı transregional energetika layihələrini reallaşdırmağa və Türkiyənin əsas qaz qovşağı kimi rolunu möhkəmləndirməyə imkan verəcək.
Xatırladaq ki, avqustun 1-də İraq və Türkiyə İraq xam neftinin Ceyhan limanına qədər nəqli və aşırılması haqqında saziş imzalayıb. Sənəd sutkada minimum 750 min barel səviyyəsində nəqletmə həcmini nəzərdə tutur.

Şərhlər