Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili saxlanıldığı həbsxanadakı şəraitin ağır olduğunu, uzunmüddətli təkadamlıq kamerada saxlanıldığını və telefon zənglərinə məhdudiyyət qoyulduğunu iddia edib.

"AzPolitika" xəbər verir ki, bu barədə o, "Georgia Online" nəşrinə açıqlamasında bildirib.

Saakaşvilinin sözlərinə görə, o, kiçik, qaranlıq, tarakanlarla dolu və zəif havalandırılan kamerada saxlanılır. Eks-prezident bildirib ki, kamerada tualet əvəzinə "çeçma" adlanan sanitar qurğudan istifadə olunur və oxşar şəraitdə digər siyasi məhbuslar da saxlanılır.

Sabiq prezident qeyd edib ki, oktyabrın 1-də həbsinin beş ili tamam olacaq. Onun iddiasına görə, bu qədər uzun müddət təkadamlıq kamerada saxlanılması beynəlxalq normalara əsasən işgəncə və qeyri-insani rəftar hesab edilir.

Saakaşvili həmçinin bildirib ki, həbsxana Rustavidə yerləşən və onun iddiasına görə, milyarder Bidzina İvanişviliyə məxsus olan sement zavodunun yaxınlığındadır. O, məhbusların daim sement tozuna məruz qaldığını və bunun nəfəs almağı çətinləşdirdiyini iddia edib.

Saakaşvilinin sözlərinə görə, qanun buna icazə versə də, uzun müddət telefon danışığı hüququndan məhrum edilib və yalnız bu yaxınlarda həftədə bir neçə dəqiqə qızı Alisa ilə danışmasına icazə verilib.

Saakaşvili əlavə edib ki, Ukrayna konsulu ilə görüşünə, Ukraynadan çap nəşrləri və videomateriallar almasına, eləcə də vəkillərinin ona övladları və nəvəsinin şəkillərini gətirməsinə icazə verilmir.

O, həmçinin beynəlxalq, hökumət və parlament nümayəndə heyətlərinin onunla görüşmək cəhdlərinin dəfələrlə rədd edildiyini söyləyib.

"Mənimlə hərbi əsir kimi davranırlar, amma Cenevrə Konvensiyasına əməl etmirlər", – deyə Saakaşvili bildirib. O, həbsinin əvvəlində işgəncəyə və zəhərlənməyə məruz qaldığını iddia edərək, bütün bunların iradəsini qırmağa yönəldiyini vurğulayıb.