Rusiyanın Yekaterinburq şəhəri yaxınlığındakı Bolşoy İstok qəsəbəsində Rusiya ordusu üçün PUA-lar (pilotuz uçuş aparatları) istehsal edən "Uraldronzavod" müəssisəsinin baş direktoru Vladimir Tkaçuk ağır yaralanıb. Onun idarə etdiyi "Mercedes" markalı avtomobilin partladılması nəticəsində sürücüsü (mühafizəçisi) həlak olub, Tkaçuk özü isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

“AzPolitika” xəbər verir ki, bu barədə TASS, "Mash" və "E1.RU" daxil olmaqla bir sıra Rusiya KİV-ləri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verib.

Zərərçəkən Vladimir Tkaçuk Rusiya ordusunun cəbhədə fəal istifadə etdiyi "Upır" FPV dronlarının əsas tərtibatçılarından və istehsalçılarından biridir. O, daha əvvəl bu PUA-nı şəxsən Rusiya Prezidenti Vladimir Putinə nümayiş etdirib və onunla keçirilən qapalı görüşdə iştirak edib.

Bundan əlavə, Tkaçuk Rusiyada müharibəyə dəstək verən ən iri təbliğat resurslarından biri olan "Povyornutıye na voyne" teleqram kanalının və eyniadlı platformanın təsisçilərindən biridir.

Hadisə yerində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb və araşdırmalar aparılır. Operativ xidmətlərin məlumatına görə, partlayıcı qurğu birbaşa avtomobilə yerləşdirilib.

Bu, son bir neçə gün ərzində Rusiyanın hərbi dron sənayesi rəhbərlərinə qarşı törədilən ilk suiqəsd deyil. İyulun 29-da Tula şəhərində Rusiya ordusu üçün "Ovod" FPV dronları və proqram təminatı hazırlayan "Russkaya laboratoriya vozduşnoqo transporta" (RLVT) şirkətinin rəhbəri Andrey Çerezova qarşı suiqəsd edilib.

Yaşadığı binanın girişində naməlum şəxs tərəfindən üç dəfə atəş açılan Çerezov ağır xəsarətlərlə xəstəxanaya kaldırılıb.

Rusiya təhlükəsizlik qüvvələri ölkə daxilində hərbi-sənaye kompleksi rəhbərlərini hədəf alan bu hücumların arxasında Ukrayna xüsusi xidmət organlarının durub-durmadığını rəsmən açıqlamasa da, cinayət işləri üzrə istintaq intensiv şəkildə davam etdirilir.

Rasim Əliyev

“AzPolitika”