Menu

"Bu, Avropanın təhlükəsizliyinə investisiyadır" - Danimarkanın müdafiə naziri

17.11.2026, 23:48
"Bu, Avropanın təhlükəsizliyinə investisiyadır" - Danimarkanın müdafiə naziri

Danimarkanın müdafiə naziri Yeppe Brus Avropa ölkələrini Ukraynaya hərbi dəstəyi fəallaşdırmağa çağıraraq xəbərdarlıq edib ki, Rusiyanın qələbəsinin nəticələri NATO üzvləri üçün Kiyevi dəstəkləməyə çəkilən hazırkı xərclərdən qat-qat ciddi maliyyə itkiləri ilə nəticələnəcək.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, o bu barədə Brüsseldə NATO-nun mənzil-qərargahında Ukraynanın müdafiəsi üzrə "Ramştayn" formatında Təmas Qrupunun iclasından əvvəl jurnalistlərə bildirib.

"Əgər Ukrayna süqut edərsə bunun NATO üzvləri, Avropa dövlətləri üçün nəticələri və bədəli Ukraynanın özünü müdafiə edə bilməsi və bizim NATO-nu gücləndirə bilməyimiz üçün çəkilən xərclərdən qat-qat yüksək olacaq", - Brus bildirib.

O həmçinin qeyd edib ki, Ukraynanın müdafiəsinə qoyulan investisiyalara ianə kimi deyil, öz təhlükəsizliyinə töhfə kimi baxmaq lazımdır.

"Ukraynalılar öz azadlığı və təhlükəsizliyi uğrunda, həm də bizim azadlığımız və təhlükəsizliyimiz uğrunda mübarizə aparırlar. Məhz buna görə də ukraynalıların hamımızın adından apardığı mübarizəyə investisiya qoymağa davam etmək vacibdir. Bu ianə deyil, bu investisiyadır", - Danimarka Müdafiə Nazirliyinin rəhbəri deyib.

Onun sözlərinə görə, Ukraynaya hərbi yardım məhdud sayda dövlət tərəfindən göstərilir. Bununla yanaşı, bir sıra ölkələrin yardımı artırmaq niyyəti ilə bağlı bəyanatlarına baxmayaraq, 2026-cı ildə dəstəyin miqyası azalıb.

Brus qeyd edib ki, Avropa ən geci 2030-cu ilə qədər öz təhlükəsizliyini müstəqil şəkildə təmin etməlidir. Müdafiə xərclərinin artması isə yük deyil, zərurətdir.

Nazir bildirib ki, hərbi strategiyanın və ABŞ-nin Avropadakı müdafiə mövcudluğunun yenidən nəzərdən keçirilməsi məsələsi Amarika müdafiə nazirinin müavini Elbric Kolbi ilə görüşdə müzakirə olunub və o, dialoqu konstruktiv kimi xarakterizə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol