Böyük Britaniya Hökuməti Rusiyanın Ukraynaya qarşı apardığı müharibə və sanksiyalardan yayınma cəhdlərinə qarşı məhdudiyyətlər paketini növbəti dəfə genişləndirib. Yeni sanksiya siyahısına Rusiyanın bank, sənaye və logistika sektorlarında fəaliyyət göstərən qurumları, eləcə də "kölgə donanması"na daxil olan gəmilər daxil edilib.

Qərb mediasının yaydığı məlumata görə, London Rusiyanın daha 6 maliyyə-bank təşkilatını sanksiya siyahısına salıb. Bu qurumlar arasında "Ozon Bank", "TelePort Bank", "Rusiyanın Eksimbankı", "Centr-invest", "Realist Bank" və "Stavr Bank" yer alır.

Bundan əlavə, məhdudiyyətlər hərbi-sənaye kompleksinə xidmət edən və sənaye sahəsində çalışan bir sıra müəssisələrə — "Severnıy İnjinirinq" gəmiqayırma şirkətinə, eləcə də "MetallKomplekt", "NİKom", "Promsiz" və "Texnoluks" firmalarına şamil olunub. Kimya sənayesi üzrə fəaliyyət göstərən "Siltron" şirkətinin sahibi Aleksandr Jdanov da şəxsi sanksiyalar siyahısına əlavə edilib.

Yeni sanksiyalar paketində Rusiyanın enerji resurslarının qeyri-qanuni daşınması sxemlərinə də zərbə vurulub. London Hindistanın "Frion Ship Management" dəniz logistika şirkətinə və Rusiya neft-qazını daşıyan 6 tankere (Arctic Express, Perseas, Torvian, Asteras, Visund və Zenturo) qarşı rəsmi məhdudiyyətlər tətbiq edib.

Rasim Əliyev

"AzPolitika.info"