Rusiyada sentyabrda keçiriləcək seçki öncəsi əhali arasında müharibənin mümkün qədər tez başa çatmasını istəyənlərin sayı durmadan artır.

Bu isə həmin seçkiyə buraxılan və müharibəyə qarşı çıxan yeganə müxalifət partiyası “Yabloko”nun şanslarını xeyli artırır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Dosye” kanalında dərc edilən məlumatda Kremlin məşhur siyasətçi Qriqori Yavlinskinin yaratdığı partiyanı seçkiyə buraxdığna görə peşman olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, Rusiya Prezident Administrasiyasında Prezidentin Sosial Proseslərin Monitorinqi və Təhlili üzrə İcra Aparatının rəhbəri Aleksandr Xariçevi “bərk danlayıblar”. Səbəb onun tərəfindən “Yabloko”nun seçkilərə “ehtiyatsız şəkildə buraxılması”na imkan verilməsidir.

Yazıda deyilir ki, müharibə əleyhinə olan müxalifətin seçkidə iştirakına icazə vermək ideyası əvvəlcə Kreml strateqlərinə qüsursuz bir plan kimi görünürdü. Bu plan üç aydın məqsədə xidmət edirdi. Birincisi, həm daxili, həm də xarici müşahidəçilərin nəzərində prosesi legitimləşdirən “parlaq demokratik imic” yaratmaq. İkincisi, etirazçı elektoratı zəiflətmək, sistemdaxili "müxalifət"dən səsləri uzaqlaşdırmaq və hakim “Vahid Rusiya”nın mövqeyini qorumaq. Üçüncüsü, müharibə əleyhinə olanların cəmi 1-2% təşkil etdiyini göstərərək, “milli birliyin parlaq mənzərəsini” təqdim etmək.

Lakin bu “qüsursuz” ssenari pozulur. Çünki qapalı rəy sorğuları göstərir ki, seçicilərin azı 12%-i “Yabloko”ya səs verməyə hazırdır. Sərhəd bölgələrində isə bu göstərici 19%-ə çatır.

Kreml üçün ən narahatedici məqam odur ki, bu artım “Yabloko”da hətta heç bir tanınan simanın olmaması şəraitində baş verir. Bütün tanınmış namizədlər son mərhələyə çatmamışdan seçki marafonundan çıxarılıb və seçkiyə buraxılmayıblar. Buna baxmayaraq, insanlar tanımadıqları adamlara belə səs verməyə hazırdırlar, təki onlar müharibənin əleyhinə olsunlar. Bu, son dörd ildə cəmiyyətdə müharibənin dayandırılması və normal həyata qayıtmaq üçün davamlı bir tələbin formalaşmasını göstərir.

İndi qeydə alınmış “Yabloko” namizədlərini artıq seçkidən kənarda qoymaq, vəziyyəti geri çevirmək artıq mümkün deyil. Kreml bu oyunu sona qədər oynamalı olacaq. Bunun üçün saxtakarlıqdan, inzibati resurslardan və seçici fəallığını azaltmaqdan istifadə olunacaq.

Lakin kanal qeyd edir ki, bunlar hamısı kosmetik tədbirlərdir, saxtakarlıqlar Kremlin əsas problemini həll etməyəcək. Çünki cəmiyyətdə sülh tələbi artmaqda davam edir və Kreml üçün bu faktı görməzdən gəlmək getdikcə çətinləşəcək.

“AzPolitika.info”