Pakistan təhlükəsizlik qüvvələri həbsdə olan keçmiş baş nazir İmran Xanın azadlığa buraxılması tələbi ilə keçirilən kütləvi aksiyaların dağıdılması zamanı onun 100-dən çox tərəfdarını saxlayıb.

"AzPolitika" xəbər verir ki, müxalif “Ədalət Hərəkatı” Partiyasının çağırışı ilə İmran Xanın həbsinin üçüncü ildönümü münasibətilə Pakistanın iri şəhərlərində minlərlə insanın iştirakı ilə etiraz aksiyaları və yürüşlər keçirilib.

Müxalifət fəallarını dağıtmaq üçün polis gözyaşardıcı qazdan və rezin dəyənəklərdən istifadə edib. Lahor, Mianvali və Ravalpindi şəhərlərində nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşmalar nəticəsində çoxlu sayda yaralanan olub. Yaralananlar arasında aksiyanı işıqlandıran jurnalistlər də var.

Qeyd edək ki, 73 yaşlı İmran Xan 2023-cü il avqustun 5-dən həbsdədir. Pakistan məhkəmələri onu dövlət sirrini açıqlamaq ittihamı ilə 10 il, korrupsiya ittihamı ilə isə 14 il müddətinə azadlıqdan məhrum edib.