Ukraynadakı müharibə alyansın mövcud yanaşmalarının artıq müasir reallıqlara cavab vermədiyini göstərdiyindən, NATO hərbi doktrinasını və standartlarını tamamilə yenidən nəzərdən keçirməlidir.
“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı bildirib.
“İnterfaks-Ukrayna”da dərc edilən açıqlamasında Zalujnı deyib ki, Rusiya artıq Ukraynanın Qərb müttəfiqlərindən aldığı demək olar, bütün növ silahlara qarşı mübarizə aparmağın yollarını tapıb və buna görə də Şimali Atlantika Alyansı prinsipcə yeni bir modelə keçməlidir.
"Siyasi baxımdan, köhnə dünyanı qoruyan bir blok kimi NATO-ya bir çox suallar yaranır. Elmi və texnoloji tərəqqi gedir. 2026-cı ildə Ukrayna, bəlkə də NATO-nun əlində olan “Tomaqavk”lar, nüvə silahları, təyyarədaşıyan gəmilər və “F-35”-lər istisna olmaqla, demək olar, bütün növ silahlardan istifadə etdi. Resurslar tükənib. Rusiya bütün bunlara qarşı tədbir tapıb", - Zalujnı bildirib.
Onun fikrincə, problem ondadır ki, alyans köhnəlmiş hərbi konsepsiyalara güvənməyə davam edir. Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı deyib: "NATO İkinci Dünya Müharibəsinin sonuna aid doktrinada ilişib qalıb, biz isə texnoloji cəhətdən irəlidəyik". Zalujnı qeyd edib ki, texnoloji irəliləyişlər və davam edən müharibə Ukrayna ordusunu keyfiyyətcə yeni səviyyəyə qaldırıb. O hesab edir ki, bu şərtlər altında NATO-nun yeni standartları qəbul etməkdən və prinsipial olaraq yeni hərbi doktrina hazırlamaqdan başqa "çarəsi yoxdur". Zalujnı hesab edir ki, yalnız belə bir transformasiyadan sonra alyans Ukraynanın bu təşkilata daxil olmasına hazır olacaq.
General həmçinin bildirib ki, Avropanın yeni kollektiv təhlükəsizlik sisteminə ehtiyacı var.
"Mən artıq demişəm, bizə çox güman ki, Avropa ilə ərazi əlaqəsi olan tamamilə yeni bir təhlükəsizlik bloku lazımdır. Tamamilə yeni bir blok", - o əlavə edib.
Bir neçə gün əvvəl Zalujnı demişdi ki, Ukrayna uzun illərdir verilən vədlərə baxmayaraq, "heç vaxt NATO üzvü olmayacaq”. O, həmçinin qeyd edib ki, alyans köhnəlmiş doktrinalara əsaslanır və onun müasir müharibə səviyyəsinə çatması üçün xeyli vaxt lazımdır. Bu baxımdan, keçmiş baş komandan Kiyevi Şimali Atlantika Alyansına qoşulmaqdansa, formalaşmaqda olan yeni Avropa hərbi-siyasi ittifaqlarına diqqət yetirməyə çağırıb. Eyni zamanda, Zalujnı vurğulayıb ki, Ukraynanın hələ də Qərb texnologiyalarına, ilk növbədə raketdən müdafiə sistemlərinə ehtiyacı var.
C.Məmmmədli
“AzPolitika.info”

Şərhlər