Ermənistan Avropa İttifaqına qoşulma prosesinə başlamaq üçün 2025-ci ildə müvafiq qanun qəbul edib. Bu qanunun strateji məqsədi ölkə üçün alternativalar yaratmaqdır.

"AzPolitika" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 7-də Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şuranın iclasında bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan tərəfi Avrasiya İqtisadi Birliyinin (AİB) dörd üzv dövlət liderinin 29 may 2026-cı il tarixli bəyanatını nəzərə alıb: "Anlayırıq ki, Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqına eyni vaxtda üzvlük mümkün deyil. Lakin bu qanunun qəbul edilməsi Ermənistanın bu gün Aİ-yə üzv olacağı anlamına gəlmir"

Baş nazir vurğulayıb ki, Ermənistan Aİ üzvlüyünə hazır olduqda belə, avtomatik olaraq birliyə daxil olmayacaq: "Bunun üçün Aİ-yə üzv dövlətlərin razılığı və Ermənistan vətəndaşlarının təsdiqi tələb olunacaq. Diqqətə çatdırmaq istəyirəm ki, institusional hazırlıq olmadan bu məsələni vətəndaşların mühakiməsinə çıxarmaq olmaz. Hətta bu halda belə, əvvəlcə Aİ-yə üzvlük üçün rəsmi müraciət təqdim edilməli və namizəd dövlət statusu alınmalıdır."

Paşinyanın fikrincə, bu addımları atmadan referendum keçirmək mənasızdır: "Bu, vətəndaşlarımızı mövcud olmayan iki alternativ arasında seçim etməyə vadar etmək deməkdir ki, bu da xalqımıza qarşı hörmətsizlik və hüquqi baxımdan qanunsuzdur".

Ermənistan hökumətinin rəhbəri müxtəlif tərəfdaşlarla münasibətləri inkişaf etdirmək və ölkəsi üçün ticarət-iqtisadi alternativalar yaratmaq hüququnu tanıdıqlarına görə AİB-dəki həmkarlarına təşəkkür edib. 

O, addımın AİB üçün də faydalı olacağını diqqətə çatdırıb: "Mümkün alternativaların mövcudluğu AİB-in rəqabət qabiliyyətini və cəlbediciliyini artıran amildir. Düşünürəm ki, birlik daxilində inkişaf üçün hələ böyük potensialın olduğunu heç kim inkar etməz və biz bunun üzərində işləməyə hazırıq".

Baş nazir əlavə edib ki, Ermənistanın Aİ ilə mövcud münasibətlərində AİB çərçivəsindəki öhdəliklərə zidd olan heç bir hüquqi, iqtisadi və ya siyasi bənd yoxdur: "AİB-ə məhdudiyyətlər məkanı kimi baxılmamalıdır. Birlik üzvlərinin üçüncü tərəflərlə əməkdaşlığı "sıfır cəmli oyun" kimi qəbul edilməməlidir. Ermənistan AİB üzvləri arasında bərabərliyin və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır".

Paşinyan çıxışının sonunda qeyd edib ki, tərəflər əldə olunmuş razılaşmalara nə qədər ardıcıl əməl etsələr və bir-birinin suveren hüquqlarına hörmətlə yanaşsalar, AİB bir o qədər cəlbedici olacaq. Bu yanaşma etimadın, davamlılığın və uzunmüddətli uğurun təməlidir.

E. Səlimov

AzPolitika. info