Rusiya uzunmüddətli hərbi əməliyyatlara hazır olmalıdır, çünki Ukraynaya qarşı müharibəni yaxın gələcəkdə tənzimləmək və bitirmək mümkün olmayacaq. “AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik TASS-a verdiyi müsahibədə bildirib.

Özü işğalçılıq savaşına başlamış Rusiyanın XİN təmsilçisi müharibənin uzanmasına görə məsuliyyəti Qərb ölkələrinin üzərinə atıb. Onun sözlərinə görə, "Qərblilər münaqişənin uzadılmasına və dinc həll yoluna nail olmaq üçün hər hansı bir vasitəni tamamilə rədd etməyə" stavka ediblər: “Nəticədə bütün dialoq cəhdləri avropalıların razılığa gəlmək üçün hər hansı bir imkanın qarşısını almaq istəyi ilə qarşılanır".

Diplomat bildirib ki, bu tendensiyanın yaxın gələcəkdə dəyişməsi ehtimalı azdır: “Avropa Ukraynanı maliyyələşdirməyə davam edəcək və biz kifayət qədər uzunmüddətli hərbi əməliyyatlara hazır olmalıyıq, lakin yaxşı düşünülmüş strategiya ilə".

Qeyd edək ki, iyulun 9-da Rusiya Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin müharibəni davam etdirməkdə israrlı olduğunu bəyan etmişdi. O demişdi ki, Moskva Vladimir Putinin 2024-cü ilin iyun ayında Rusiya Xarici İşlər Nazirliyindəki çıxışı zamanı müəyyən etdiyi məqsədlərə çatana qədər müharibəni davam etdirmək niyyətindədir.

Həmin çıxış zamanı Putin Ukraynanın faktiki təslim olmasını tələb etmişdi: Ukrayna qoşunlarının bütün Donbasdan, eləcə də Zaporojye və Xerson vilayətlərindən çıxarılması, bu bölgələrin və Krımın Rusiya əraziləri kimi tanınması, Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsi və Ukraynanın "demilitarizasiyası" və "denasifikasiyası".

Bu ilin iyul ayında Putin özü də yenidən müharibənin davam etdiriləcəyini açıq şəkildə bəyan etdi. VIII Dövlət Dumasının deputatları ilə görüşdə o, hərbi xərclərin 2027-2029-cu illər üçün federal büdcənin hazırlanmasında prioritet olaraq qalacağını bildirdi. Eyni zamanda, Putin Qərb ölkələrini "rusofob maşın"ı işə salmaqda günahlandırdı…

Bu arada, Rusiyada səfərbərliyin yeni dalğasının hazırlandığı barədə məlumatlar çoxalmaqdadır. “The Wall Street Journal”-ın Kremlə yaxın mənbələrə istinadla verdiyi məlumata görə, Rusiya hakimiyyəti sentyabr ayındakı Dövlət Duması seçkilərindən sonra müqaviləli əsgərlərin axınının azalması səbəbindən səfərbərlik elan etməyi nəzərdən keçirir. “Z-kanalları” da seçkilərdən sonra ehtimal olunan səfərbərlik barədə məlumat verərək, onun mümkün miqyasını 1,2 milyon nəfər olaraq qiymətləndirib.

Bir sözlə, Rusiya cəbhədə heç bir real irəliləyişin olmadığı, əvəzində dinc şəhərlərin, mülki əhalinin hər gün bombalandığı qanlı işğalçılıq savaşını davam etdirməkdə israrlıdır. Dağıntı, ölüm, məhrumiyyətlərdən başqa heç nə gətirməyən bu savaşın Rusiyada Putin başda olmaqla, hakim elitadan və başını itirmiş “Z-patriot”lardan, imperiyaçılardan savayı heç kimə lazım olmadığı aydın görünür…

C.Məmmədli

“AzPolitika.info”