Avropa ölkələri Türkiyədən aldıqları təbii qazın mənşəyini təsdiqləyən sənədlərin təqdim olunmasını və qazın Rusiya mənşəli olmamasının sübutunu tələb edirlər.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “A Haber” telekanalına müsahibəsində bildirib.

"Avropalı tərəfdaşlarımız bizə müraciət edərək Türkiyə üzərindən Rusiya qazından fərqli qaz almaq istədiklərini bildirirlər. Qazın mənşəyi tam məlum olmasa belə, onun hüquqi əsaslarla rəsmiləşdirilməsi vacibdir. Türkiyə Avropa ölkələrinə həmin qazın hansı ölkəyə məxsus olduğunu təsdiqləyən sənədləri təqdim etməliyik", – deyə nazir bildirib.

A.Bayraktarın sözlərinə görə, Türkiyə müxtəlif marşrutlarla ölkəyə daxil olan qaz hesabına ildə təxminən 70-80 milyard kubmetr təbii qaz ixrac etmək potensialına malikdir.