Rusiyada parlament seçkiləri yaxınlaşdıqca, seçkiyə buraxılan yeganə müharibə əleyhinə partiyaya - Qriqori Yavlinskinin “Yabloko” partiyasına qarşı təzyiq və təhdidlər artır.

“AzPolitika” xəbər verir ki, son günlər müharibəni qatı şəkildə dəstəkləyən Kremlə yaxın partiya və siyasətçilər “Yabloko”nu “vətənə xəyanət”də belə ittiham etməyə başlayıblar.

Vladimir Jirinovskinin LDPR partiyasının hazırkı sədri Leonid Slutskinin sözlərinə görə, "Ukrayna nasist rejimi ilə sülh təklif edən “Yabloko” partiyası kommunistlər tərəfindən 100 il əvvəl bağlanmış biabırçı Brest-Litovsk sülhünü" təkrarlamaq istəyir: "Vladimir Volfoviç Jirinovski hələ 2021-ci ildə demişdi ki, “Yabloko” gec-tez bu cür ideyalara görə arzuolunmaz təşkilat elan ediləcək. Vaxt gəlib çatıb".

Məsələ ondadır ki, Slutskinin barəsində söz açdığı kommunistlər də “Yabloko”nu müharibəyə qarşı çıxdığına görə tənqid atəşinə tuturlar. Kommunist Partiyasının ayrı-ayrı təmsilçiləri, o cümlədən Duma üzvü olanlar müxalif “Yabloko”nun “vətənpərvərlik” anlayışından uzaq olmaqda günahlandırılar və partiyaya qarşı repressiyalara açıq çağırışlar edirlər.

Bundan öncə daha bir “cib müxalifəti” partiyası olan “Ədalətli Rusiya”nın rəhbəri Sergey Mironov Ədliyyə Nazirliyini və Baş Prokurorluğu “Yabloko”nun fəaliyyətini araşdırmağa çağırıb. Çünki partiya "SVO-ya açıq şəkildə qarşı çıxır və ölkə üçün utancverici bir sülh bağlamağa çağırır”.

Bütün bunların Kremlin sifarişi ilə və onun hazırladığı tezislər əsasında edildiyi heç bir şübhə doğurmur. Hətta Rusiya mediasında “Yabloko”nun seçkiyə buraxdığına görə, Kremlin peşman olduğu barədə məlumatlar yayılmaqdadır. Belə ki, Rusiya cəmiyyətində müharibə əleyhinə əhval-ruhiyyə məlum səbəblərdən artmaqdadır. Bu fonda isə Yavlinskinin özü seçkidə iştirak etməsə belə, “Yabloko”nun seçkidə Kremlin gözlədiyindən xeyli daha çox səs toplaması(qapalı sorğular partiyanın 15-20 faiz səs toplaya bləcəyini göstərir) və bunun hakimiyyətə əlavə problemlər yaratması ehtimalı artır. Ona görə də “Yabloko”nu gözdən salmağın ən “effektiv” yolu kimi partiyanı “vətən xaini” çıxarmaq seçilib və bu iş digər qondarma siyasi partiyalara tapşırılıb.

Qeyd edək ki, avqustun 5-də Rusiya Mərkəzi Seçki Komissiyası Duma seçki bülletenində partiyaların sırasını müəyyən edib. Həmin sırada hakim “Vahid Rusiya” birinci, “Yabloko” isə ikinci yerdədir.

Hazırda “Yabloko” ətrafında baş verənlər və partiyaya qarşı təhdidlər qana, ölümə, fəlakətə susamış Rusiya siyasi elitasının bu ölkəyə və ətraf dünyaya hansı gələcək vəd etdiyini bir daha ortaya qoymuş olur…

C.Məmmədli

“AzPolitika.info”