İspaniya hökuməti İtaliyanı avqustun 9-dək sərhəd nəzarətini ləğv etməyə çağırıb. Madrid xəbərdarlıq edib ki, tələb yerinə yetirilməsə, Romaya qarşı cavab tədbirləri görüləcək.
"AzPolitika" xəbər verir ki, bu barədə "Reuters" İspaniya hökumətinin bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda bildirilir ki, İtaliyanın Seutadakı miqrasiya böhranından sonra tətbiq etdiyi sərhəd nəzarəti "ədalətsiz", "Avropa İttifaqının maraqlarına zidd" və "İspaniya vətəndaşlarına qarşı ayrı-seçkilik xarakteri daşıyan" addımdır.
Vurğulanıb ki, ötən həftə Seutaya qanunsuz daxil olan miqrantların heç biri Şengen zonasında sərbəst hərəkət etmək imkanı əldə etməyib. İspaniya hakimiyyəti anklavda qüvvədə olan miqrasiya qaydalarının buna imkan vermədiyini bildirib.
Hökumət İtaliyadan sərhəd nəzarətini ən geci avqustun 9-dək ləğv etməyi tələb edib. Əks halda cavab tədbirlərinin görüləcəyi açıqlansa da, onların nədən ibarət olacağı dəqiqləşdirilməyib.
Xatırladaq ki, İtaliyanın daxili işlər naziri Matteo Pyantedozi bildirib ki, İspaniya ilə sərhəddə Şengen rejiminin müvəqqəti dayandırılması Madridə qarşı yönəlməyib və yalnız Seutadakı miqrasiya böhranı ilə bağlı təhlükəsizlik məqsədi daşıyır.
Mübahisə iyulun sonunda İspaniyanın Seuta anklavına on minlərlə qanunsuz miqrantın daxil olmasından sonra başlayıb. İtaliya miqrantların bir hissəsinin öz ərazisinə keçə biləcəyindən ehtiyat edərək sərhəd nəzarəti tətbiq edib. Madrid isə bu addımı həddindən artıq hesab edir və dərhal ləğvini tələb edir. Avropa Komissiyası isə hələlik vəziyyətlə bağlı rəsmi mövqe açıqlamayıb.(Publika.az)

Şərhlər