Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı ukraynalılar arasında ən yüksək etimada malik şəxs olaraq qalır. Ukraynalıların 68%-i ona etibar edir, lakin bu nəticə də ona prezident postunu təmin etmir.
“AzPolitika” xəbər verir ki, müstəqil "Reytinq" sosioloji qrupunun Ukraynada keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verir. Zalujnıya etimad yüksək olsa da, ukraynalıların böyük hissəsi onu hələ prezident kimi görmürlər. Sorğuya görə, bu gün prezident seçkiləri keçirilsəydi, hazırkı Prezident Volodimir Zelenski ən yüksək nəticə ilə birinci olardı. Seçicilərin 25,2%-i ona səs verməyə hazırdır.
Populyarlıq baxımından Valeri Zalujnı liderlik edir və respondentlərin 68%-i ona etibar etdiyini bildirib (21%-i ona etibar etməyib). Digər şəxslər arasında etibar reytinqləri belə olub:
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov: 62% ona etibar edir, 21%-i inanmır;
Ukrayna Prezidenti Volodimir Zelenski: 59% ona etibar edir, 38%-i inanmır;
Keçmiş müdafiə naziri Mixail Fyodorov: 58% ona etibar edir, 17%-i isə yox.
Sosioloqlar qeyd edirlər ki, Mixail Fyodorovun etibar reytinqi son həftələrdə əhəmiyyətli dəyişikliklərə məruz qalıb. İyulun ortalarında (etirazlardan əvvəl) 35% ona etibar etsə də, ayın ikinci yarısında bu rəqəm 65-68%-ə yüksəlib. Avqustun əvvəlində 58%-ə düşüb.
Respondentlərin 56%-i Ukrayna Silahlı Qüvvələrinin yeni təyin olunmuş Baş Komandanı Mixail Drapatıya etibar edir, 12%-i isə etibar etmir.
Ən az tanınan şəxs Ukraynanın yeni təyin olunmuş Baş naziri Sergey Koretski olub: respondentlərin 70%-i onun haqqında heç nə eşitməyib. Respondentlərin 10 faizi ona etibar etdiyini, 12%-i etibar etmədiyini, 8%-i isə qərarsız olduğunu bildirib.
Mümkün prezident seçkilərinə gəlincə, Volodimir Zelenski ümumi səslərin 25,2%-ni qazanmaqla liderlik edir. Valeri Zalujnı 16,7% ilə ikinci, Mixail Fyodorov isə 12,5% ilə üçüncü yerdədir.
Kirill Budanov (7,9%) və Pyotr Poroşenko (5,6%) da ilk beşliyə daxildir. Dmitri Razumkov, Yuliya Timoşenko, Andrey Biletskiy, Sergey Pritula və Yuri Boyko 1,7%-i ilə 2,8%-i arasında səs toplayıblar. Respondentlərin 5,5%-i seçkilərdə iştirak etməyəcəklərini, 11,9%-i isə qərarsız olduqlarını bildiriblər.
Qeyd edək ki, son zamanlara qədər Ukrayna hakimiyyətilə bağlı müxtəlif korrupsiya qalmaqalları, bununla bağlı cinayət işləri, istefalar və s. müşahidə olunmaqdadır. Lakin ayrı-ayrı sorğu mərkəzlərinin nəticələri göstərir ki, bütün bunlar şəxsən Zelenskinin reytinqinə kəskin təsir göstərməyib…
“AzPolitika.info”

Şərhlər