Dünən Ukrayna PUA-ları Krasnodar diyarının Gelencik şəhərində “S-400 Triumph” zenit-raket sistemini vurub. Sistem Qara dəniz sahilindəki "Putin sarayı"nın yaxınlığında yerləşirdi.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") öz Telegram kanalında məlumat yayıb. O qeyd edib ki, həmin “S-400” bir gün əvvəl, 8 avqustda Ukrayna hədəflərinə altı raket atıb.
Madyar yazıb: "Gelencikdəki “S-400” mövqeyi, sahildə, katakombaların düz yanında, üç saat yanıb".
Onun sözlərinə görə, “S-400”-dən əlavə, daha dörd Rusiya hava hücumundan müdafiə obyekti vurulub. Hücum Rostov vilayətinin Pudovoy kəndi yaxınlığındakı “Tor” zenit-raket sistemini, Krasnodar vilayətinin Eysk şəhərindəki “Pantsir-S1” zenit-raket və top sistemini, Rostov vilayətinin Qolovatovka şəhərindəki “Podlet-K1” radar stansiyasını və Rostov vilayətinin Latonovo şəhərindəki “Kasta 2E2” radarını əhatə edib. Brovdi həmçinin Qara dənizdə Rusiyanın "kölgə donanması”na məxsus üç gəminin - bir neft tankerinin və iki top daşıyıcısının məhv edildiyini açıqlayıb.
Bu, son dövrlərdə “Putin sarayı” yaxınlığındakı əraziyə edilən ilk hücum deyil. 3 avqustda Rusiya HHM-lərinin vurduğu Ukrayna pilotsuz təyyarəsi Arxipo-Osipovkadakı (Gelencik bələdiyyəsinin bir hissəsi) çimərliyə düşərək yeddi nəfərin ölümünə və ən azı 40 nəfərin yaralanmasına səbəb olub. Həmin ərazi "Putin sarayı"ndan təxminən 22 km məsafədə yerləşir.

"Putin Sarayı" kimi tanınan kompleks, Qara dəniz sahilində, Gelencikdən təxminən 20 kilometr məsafədə yerləşən 17.700 kvadratmetrlik bir mülkdür. Aleksey Navalnının araşdırmasına görə, mülkdə restoran, vertolyot meydançası, buz meydançası, kilsə, amfiteatr, qonaq evi, yanacaqdoldurma məntəqəsi və 80 metrlik körpü var. Əsas binada üzgüçülük hovuzu, spa, saunalar və türk hamamları, istehsal müəssisələri, kitabxana və musiqi salonu yerləşir. Kompleksin üzərində uçuşa qadağan zona yaradılıb və obyektə bitişik təxminən 7000 hektar ərazi FSB-yə məxsusdur. Kompleksin tikintisinin ən azı 100 milyard rubla(1.2milyard dollardan çox) başa gəldiyi təxmin edilir.
“AzPolitika.info”

Şərhlər