Ermənistan Rusiya ilə iqtisadi əlaqələrini kəsərsə, ciddi tənəzzül və ya daha ağır nəticələrlə üzləşəcək.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA Novosti agentliyinə 2008-ci il Gürcüstan müharibəsi, Cənubi Osetiya münaqişəsinin nəticələri və Tbilisinin Qərb ölkələri ilə yaxınlaşması ilə bağlı verdiyi müsahibədə deyib.
“Qərb Gürcüstandan bizə qarşı geosiyasi mübarizənin kobud aləti kimi istifadə edib və sonra ögey qızını taleyin ümidinə buraxıb", - Medvedev deyib və əlavə edib ki, Qərbə yaxınlaşmağa başlayan İrəvanı da eyni tale gözləyir.
O deyib ki, Avropa İttifaqı və ABŞ-ni Ermənistan vətəndaşlarının rifahı qətiyyən maraqlandırmır (Sanki Rusiyanı maraqlandırır – red.).
Onun fikrincə, Qərb Ermənistanı Rusiyaya qarşı alət kimi istifadə edir: “Ermənistan onlar üçün maraqlı olmayan kimi Qərb ölkələri bütün vədlərindən imtina edəcəklər. Üstəlik, ölkəmizlə iqtisadi münasibətlərin pozulması Ermənistanda dərin daxili böhrana səbəb olacaq, yaxud bəlkə də daha pis bir şeyə...".
Qeyd edək ki, daha əvvəl Vladimir Putin özü İrəvandan Avrasiya İqtisadi Birliyindən çıxmaq və Avropa İttifaqına qoşulmaqla bağlı referendum keçirməyi tələb etmiş və bunu "mülayim, ağıllı və qarşılıqlı faydalı boşanma" şərti adlandırmışdı.
O, həmçinin Ukraynanın taleyindən də bəhs edərək Ermənistanı təhdid etmiş və demişdi ki, məhz sonuncunun AB-yə qoşulmaq cəhdindən sonra bu ölkə ilə münaqişə başlayıb.
“AzPolitika.info”

Şərhlər