Türkiyənin müdafiə sənayesinin aparıcı şirkətlərindən olan ASELSAN pilotsuz uçuş aparatlarına qarşı mübarizədə yeni texnoloji nailiyyətə imza atıb. Şirkət güclü elektromaqnit dalğalarından istifadə etməklə eyni vaxtda 51 dronu cəmi bir neçə saniyə ərzində zərərsizləşdirə bilən EJDERHA sisteminin uğurlu sınaqlarını keçirib.
“AzPolitika”nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, sınaqlar ASELSAN-ın Gölbekdə yerləşən mərkəzində təşkil olunub. Tədbirin şirkətin fəaliyyətə başlamasının 51-ci ildönümünə təsadüf etməsi bu nailiyyətə xüsusi rəmzi məna qazandırıb.
Sınaqlar iki mərhələdə həyata keçirilib. İlk mərhələdə EJDERHA təxminən 1 000 metr məsafədə yerləşən kabellə idarə olunan iki pilotsuz aparatı sıradan çıxarıb. Növbəti mərhələdə isə sistemin imkanları daha geniş miqyasda yoxlanılıb: eyni vaxtda havaya qaldırılan 51 drondan ibarət qrup elektromaqnit təsiri ilə zərərsizləşdirilib.
ASELSAN-ın açıqlamasına əsasən, EJDERHA-nın iş prinsipi güclü elektromaqnit şüalanmasının qarşı tərəfin elektron sistemlərinə təsir göstərməsinə əsaslanır. Bu texnologiya dronların idarəetmə və elektron komponentlərini hədəfə alaraq onların fəaliyyətini pozmağa, idarəetməsini sıradan çıxarmağa və ya uçuş qabiliyyətini itirməsinə səbəb olmağa imkan verir. Ən mühüm üstünlüklərdən biri isə hədəflərin məhv edilməsi üçün raket və digər ənənəvi sursatlardan istifadə edilməməsidir.
Şirkətin baş direktoru Ahmet Akyol EJDERHA-nın sınaqlarını ASELSAN üçün mühüm texnoloji uğur kimi qiymətləndirib. O, sistemin artıq istifadəyə verildiyini və kütləvi istehsal mərhələsinə keçdiyini açıqlayıb.
Kabelsiz və kabelli dronlara qarşı müdafiə
EJDERHA-nın diqqətçəkən xüsusiyyətlərindən biri onun yalnız radioəlaqə vasitəsilə idarə olunan dronlara deyil, kabellə idarə edilən PUA-lara qarşı da təsir imkanına malik olmasıdır. Ənənəvi radioelektron mübarizə sistemləri əsasən dronların rabitə və idarəetmə siqnallarını bloklamağa yönəldiyi halda, kabelli dronlarda bu üsul effektiv olmaya bilər. Çünki belə aparatlarda idarəetmə siqnalları fiziki kabel vasitəsilə ötürülür. EJDERHA isə birbaşa elektron komponentlərə elektromaqnit təsir göstərməklə bu məhdudiyyəti aradan qaldırmağa çalışır.
ASELSAN-ın texniki məlumatlarına görə, sistem yüksək güclü elektromaqnit dalğalarını vakuum elektronikası texnologiyası əsasında yaradır. Mobil platformada yerləşdirilə bilən EJDERHA radar vasitəsilə hədəfləri aşkarlamaq, elektro-optik sistemlə izləmək və xüsusi anten vasitəsilə elektromaqnit şüalanmanı dəqiq istiqamətləndirmək imkanlarına malikdir. Təsirin gücündən və rejimindən asılı olaraq, hədəfin elektron sistemləri sıxışdırıla, yenidən işə düşməyə məcbur edilə və ya fiziki zədələnə bilər.

Türkiyənin hava müdafiə sistemində yeni mərhələ
EJDERHA Türkiyənin çoxqatlı hava hücumundan müdafiə arxitekturası olan “Polad günbəz” (ÇELİKKUBBE) layihəsinin mühüm komponentlərindən biri kimi nəzərdə tutulur. Bu sistemin əsas məqsədi müxtəlif mənşəli hava təhdidlərini aşkarlamaq, izləmək və təhlükənin xarakterinə uyğun müdafiə vasitələrindən istifadə etməkdir.
Qeyd edək ki, ASELSAN 2026-cı ilin sentyabrında EJDERHA ilə yanaşı, KANGAL FPV 100 sisteminin də dron təhdidlərinə qarşı imkanlarını nümayiş etdirib. Bu yanaşma Türkiyənin kiçik ölçülü pilotsuz aparatlara qarşı radioelektron mübarizə və yüksək güclü elektromaqnit texnologiyalarını paralel şəkildə inkişaf etdirdiyini göstərir.
Elman
"AzPolitika.info"


Şərhlər