Rusiyanın Dağıstan Respublikasında tanınmış samboçu və cüdoçu, 31 yaşlı Məhəmməd Davudov silahlı hücum nəticəsində qətlə yetirilib.
"AzPolitika" xənət vebər ki, Rusiya mətbuatının yaydığı məlumata görə, hadisə idmançının iştirak etdiyi tədbirdən sonra baş verib. Binadan çıxaraq avtomobilinə doğru gedən Davudov qara rəngli “Toyota Camry” markalı avtomobildə olan naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Atəş nəticəsində idmançının başından ağır yaralandığı bildirilir. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib.
Hücum edən şəxslər hadisə yerindən qaçıblar. Onların istifadə etdikləri avtomobil hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.
Hadisə Dağıstanın paytaxtı Mahaçqalada yerləşən “Marrakeş” banket zalının yaxınlığında qeydə alınıb. İlkin məlumatlara əsasən, hücum hərəkətdə olan avtomobildən həyata keçirilib. Hücumun motivi və sifarişçilərinin kimliyi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Davudovun idman karyerası Dağıstan cüdo məktəbi ilə bağlı olub. O, 2009-cu ildən Mahaçqalada yaşayıb və tanınmış məşqçi Şamil Əliyevin yetirməsi olub. 2016-cı ildə Orenburqda keçirilən Avropa Kubokunda qızıl medal qazanıb. 2023-cü ildə isə Perm şəhərində keçirilən Rusiya çempionatında sambo üzrə 98 kiloqramdan yuxarı çəki dərəcəsində bürünc medala sahib olub.
Qeyd edək ki, idmançının qətli ilə bağlı hadisənin təfərrüatları araşdırılır. Hücum edən şəxslərin saxlanılması və cinayətin motivinin müəyyənləşdirilməsi istiqamətində axtarış tədbirləri davam etdirilir.
Elman
"AzPolitika.info"


Şərhlər