Menu

“1997-ci İL SƏRHƏDİNƏ QAYIDIN...” - Rusiyanın yeni şərtlərində Cənubi Qafqaz da var

14.11.2026, 11:36
“1997-ci İL SƏRHƏDİNƏ QAYIDIN...” - Rusiyanın yeni şərtlərində Cənubi Qafqaz da var

Ukraynaya qarşı müharibəyə son qoymaq üçün Rusiya NATO-dan 1997-ci il sərhədlərinə qayıtmasını və Kiyevə yardımı dayandırmasını tələb edir.

“AzPolitika” xəbər verir ki, bu barədə “The New York Times” üçtərəfli danışıqlarda iştirak edən mənbələrə istinadla məlumat yayıb.

Qəzetinin məlumatına görə, Kremlin mövqeyini əks etdirən sənəd Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlarda təqdim edilib. Qəzet qeyd edib ki, sənədin həqiqiliyi diplomatik məsləhətləşmələrlə tanış olan mənbə tərəfindən təsdiqlənib.

Qeyd olunur ki, yeni sənəd əsasən Moskvanın 2021-ci ilin dekabrında irəli sürdüyü tələbləri təkrarlayır. Xüsusilə, Rusiya NATO-nun genişlənməsinin dayandırılmasında, Alyans qoşunlarının və hərbi bazalarının 1997-ci ildən əvvəl tutduqları mövqelərə geri çəkilməsində israr edir. Buraya Polşa və Baltikyanı ölkələrdəki hərbi mövcudluq da daxildir.

Moskva həmçinin Ukrayna, Şərqi Avropa, Orta Asiya və Cənubi Qafqazda NATO-nun bütün hərbi fəaliyyətinin qadağan edilməsini tələb edir.

Ayrı bir bənd Qərbin Kiyevə silah və hərbi texnika tədarükünün dayandırılması ilə bağlıdır.

Rusiya tərəfi həmçinin NATO-nun nüvə paylaşma mexanizmlərindən imtina etməsində israr edir. Əgər 2021-ci ildə bu tələb təkcə ABŞ-yə aid ididsə, indi Fransa və Böyük Britaniyanı da əhatə edir. Kreml artıq Fransa və Böyük Britaniyadan digər Avropa dövlətlərini müdafiə etmək üçün öz nüvə silahlarının istifadəsindən imtina etmələrini tələb edir.

Ukraynanın Avropaya inteqrasiyasına gəldikdə, Moskva onun AB-yə qoşulmasına yalnız Kiyev AB-nin ortaq müdafiə siyasətində iştirak etməyəcəyi təqdirdə icazə verir.

Nəşr danışıqların iştirakçılarına istinadla qeyd edir ki, bu tələblər danışıqalrda Rusiyanın baza mövqeyidir və danışıqların gedişində Vladimir Putin müəyyən güzəştlərə gedə bilər.

Bununla yanaşı, qeyd olunur ki, ABŞ generalı Aleksus Qrinkeviç də Əbu-Dabi danışıqlarında iştirak edib. Nəşrin mənbələrinə görə, o, Rusiya nümayəndələri ilə Avropa təhlükəsizliyinə dair müzakirələrdə mübahisə edib.

Kremlin tələbləri Avropa liderlərinin də kəskin reaksiyasına səbəb olub. Qəzetin məlumatına görə, Moskvanın 2021-ci il tələblərinə qayıtması Putinin ilkin məqsədlərinin əsasən dəyişməz qaldığını göstərir. Bu isə Ukraynadakı müharibəyə son qoymağa imkan verəcək kompromis axtarışını xeyli çətinləşdirir.

Xatırladaq ki, 10-11 noyabr 2026-cı il tarixlərində Əbu-Dabidə (BƏƏ) Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında müharibənin sona çatması ilə bağlı üçtərəfli danışıqlar keçirilib. Bu, fevral ayından bəri üç ölkənin nümayəndə heyətlərinin ilk üzbəüz görüşü idi.

Görüşlərdə hərbi əməliyyatların dayandırılması, ərazi məsələləri, təhlükəsizlik zəmanətləri, enerji məsələləri, Qara dənizdə gəmiçilik və mümkün əsir mübadiləsi müzakirə edilib. Rusiya tərəfi xüsusi olaraq ərazi məsələlərini qaldırıb, lakin Ukrayna bu cür məsələlərin yalnız prezidentlər səviyyəsində həll edilə biləcəyini bildirib.

Danışıqların ilk günü təxminən 4,5 saat, ikinci raund isə iki saatdan az davam edib. Görüşlərdən sonra müharibənin sona çatması ssenariləri, yaxud savaşın sonunun yaxınlaşması ilə bağlı heç bir konkret razılaşma elan edilməyib.

C.Məmmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol