Menu

“Dekabrda 3 dəfə Rusiyaya səfər edəcəyəm...” – Paşinyan

14.11.2026, 14:19
“Dekabrda 3 dəfə Rusiyaya səfər edəcəyəm...” – Paşinyan

"Ermənistanı 20 il ərzində Aİ üzvü görürəm"

Ermənistanın Baş naziri Nikol Paşinyan Dublinə səfəri çərçivəsində Dublin Beynəlxalq və Avropa Məsələləri İnstitutunda (IIEA) bəyanatlarla çıxış edib

Paşinyan çıxışında Ermənistanın gələcəyini Avropa İttifaqında gördüyünü bəyan edib: "Ermənistanı 20 il ərzində Aİ üzvü olaraq görürəm".

O qeyd edib ki, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ), həm də Avropa İttifaqının üzvü ola bilməz. İrəvanın əsas siyasi hədəfinin vətəndaşlar üçün real alternativ yaratmaq olduğunu vurğulayan Baş nazir əlavə edib: “Uzun müddət Ermənistanın başqa alternativi olmadığını iddia edirdilər, hətta Aİİ liderlərindən biri bunu açıq şəkildə dilə gətirmişdi. Lakin bu yanaşma dəyişir”.

Xatırladaq ki, mayın 29-da Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanı Aİ ilə Aİİ arasında seçim etmək üçün qısa müddətdə referenduma getməyə çağırış etmişdilər. Buna cavab olaraq Paşinyan bildirib ki, hazırda belə bir referandum üçün əsas yoxdur və bu məsələ yalnız Ermənistan Aİ-yə rəsmi üzvlük üçün müraciət etdikdən sonra nəzərdən keçirilə bilər.

Paşinyan Rusiya ilə münasibətlərdə dialoqu qorumağa çalışdıqlarını nümayiş etdirərək, yaxın vaxtlarda Moskvaya səfərlər planlaşdırdığını açıqlayıb: “Dekabrın 3-də, 11-də və 22-də görüşlər üçün Rusiyaya səfər edəcəyəm. Ümid edirəm ki, Rusiya ilə münasibətlərimizdə dostane atmosferi qoruyub saxlaya biləcəyik”.

Bununla belə, təhlükəsizlik sahəsindəki fikir ayrılıqları dərinləşməkdədir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkənin təhlükəsizlik təminatlarını yerinə yetirmədiyini əsas gətirərək 2024-cü ilin fevralından bəri təşkilatın işində iştirakını dondurub. Noyabrın 11-də isə KTMT Ermənistanın qurumdakı səs hüququnu ləğv etmək qərarına gəlib. Hərçənd İrəvan hələlik təşkilatdan rəsmi olaraq tam çıxarılmayıb, iki tərəf arasındakı uçurum getdikcə dərinləşir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol