Kanada Hökuməti Rusiyanın Ukraynadakı hərbi potensialını zəiflətmək məqsədilə tanınmış müdafiə sənayesi istehsalçısı “Streit Group” şirkətinə qarşı sanksiyalar tətbiq edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand rəsmi bəyanatla çıxış edib.

Məlumatda bildirilir ki, zirehli texnika və hərbi avadanlıqlar istehsal edən “Streit Group” şirkətinin məhsullarının Ukraynadakı müharibədə iştirak edən Rusiya Milli Qvardiyası (Rosqvardiya) tərəfindən tətbiq olunmasına dair etibarlı faktlar aşkar olunub.

Nazir Anita Anand vurğulayıb ki, tətbiq edilən məhdudiyyətlər “Streit Group”un Rusiyaya hərbi texnologiyalar və texnika tədarük etmək imkanlarını ciddi şəkildə çətinləşdirəcək və Rusiyanın hərbi gücünü zəiflədəcək.

Qeyd edək ki, "Streit Group" şirkəti və onun əslən rusiyalı olan, 1990-cı illərin əvvəllərində Kanadaya köçərək bu şirkəti təsis edən sahibi German Qutorova qarşı bundan əvvəl Ukrayna, Avropa İttifaqı və İsveçrə də sanksiyalar tətbiq etmişdi.

Rəsmi Ottava 2014-cü ildən bəri Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasında, habelə insan hüquqlarının kobud şəkildə tapdalanmasında ittiham olunan 3500-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiya qərarı verib.

Rasim Əliyev

“AzPolitika.info”