Ermənistanın qurumun fəaliyyətində iştirakını dondurmasına baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər Yerevana müttəfiq kimi baxmaqda davam edirlər.
"AzPolitika" xəbər verir ki, bu barədə KTMT-nin Baş katibi Taalətbek Masadıkov “RİA Novosti” agentliyinə açıqlamasında bildirib.
“Ermənistan ilk gündən fəal üzv dövlət olub, kollektiv potensialın gücləndirilməsinə layiqli töhfə verib. KTMT-yə üzv ölkələr Ermənistana təşkilatda müttəfiq kimi baxmaqda davam edirlər”, - deyə Masadıkov vurğulayıb.
Baş katibin sözlərinə görə, üzv dövlətlər Ermənistanın birgə işə tam hüquqlu qaydada qayıtması ilə bağlı bütün məsələləri Yerevanla müzakirə etməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər.
Səs hüququndan məhrum edilmə məsələsi
Avqustun əvvəlində Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev də məsələyə münasibət bildirmişdi. O qeyd etmişdi ki, Ermənistanın təşkilatın sturkturlarında səsvermə hüququndan məhrum edilməsi üçün konsensus (ümumi razılıq) lazımdır. Vasilyevin sözlərinə görə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək və liderlərin bu mövzunu müzakirə edəcəyi istisna olunmur.
Xatırladaq ki, Ermənistan 2024-cü ildə KTMT-dəki fəaliyyətini dondursa da, təşkilat Yerevana hələ də üzv dövlət və müttəfiq kimi yanaşır.
E. Səlimov
AzPolitika.info

Şərhlər