Gəncə şəhhərinin ən böyük yaşayış maasivlərindən olan Cavadxan qəsəbəsinin girişi bərbad vəziyyətdədir. Belə ki, 10 ildən artıqdır əsas yol yarıdağılmış halda olsa da aidiyyatı qurumlar tərəfindən heç bir tədbir görülmür. Nəticədə avtomobillərin və piyadaların hərəkətində ciddi çətinlikıər yaranır. Yağışlı havada isə həmin hissə keçilməz bataqlığa çevrilir.

Maraqlı məqam odur ki, ötən il Gəncəyə “Bakubus” MMC-yə məxsus avtobuslar gətirilmzədən əvvəl Cavadxan qəsəbəsinin içindən keçərək şəhərə istiqamətlənən yol yenidən qurulub, asfalt örtüyü çəkilib. Amma nədənsə qəsəbənin girişindəki bir neçə yüz metrlik hissə təmir olunmamış qalıb. Eləcə də yolun qalan hissəsində görülən iş də yarımçıq yerinə yetirilib, səkilər təmir edilməyib.

Problemlə bağlı sakinlərin müraciəti ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, təmir işləri yerli icra hakimiyyəti tərəfindən həyata keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətindən isə deyilib ki, əksinə, təmir-bərpa ilə AAYDA məşğul olur. Beləcə, dövlət qurumları problemi üzərindən atır, 50 mindən artıq əhalinin yaşadığı qəsəbənin giriş-çıxışı bərbad vəziyyətdə qalıb.

Sakinlərin daha bir şikayəti isə qəsəbə daxili yolların asfaltlanmaması ilə bağlıdır. Bildirilir ki, yollar yağışlı havada gölməçələrdən keçilməz olur, isti, quraqlı günlərdə isə toz-torpaqdan nəfəs almaq olmur. Həmçinin qəsəbədə içməli su ancaq satın alınır, Gəncəyə Göygöldən su çəkilsə də Cavadxan qəsəbəsi bu layihəyə daxil edilməyib. Əhali məşiətdə su təlabatını artezian quyularından əldə olunan duzlu su ilə həll etməyə çalışır.

Cavadxan sakinləri media vasitəsi ilə onları Milli Məclisdə təmsil edən millət vəkillərinə müraciət edərək bildirilər ki, vaxt tapıb onların problemlərini dinləyib aidiyyatı qurumlara çatdırsınlar. Bəlkə o zaman işıq ucu görünər...


Rasim Əliyev

“AzPolitika.info”