Rusiya Prezidenti Vladimir Putin prezident seçkiləri günü Ukraynaya hücum etməkdən çəkinməyə hazırdır.
“AzPolitika” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov mediaya açıqlamasında deyib.
Lakin o, Zelenskinin seçki keçirmək üçün istədiyi 60 günlük atəşkəsdən söhbət belə gedə bilməyəcəyini, yalnız bir gün – seçki günü atəçkəsin mümkün olacağını vurğulayıb.
Peskovun sözlərinə görə, Volodimir Zelenskinin təklif etdiyi 60 günlük atəşkəs səsverməni təşkil etmək üçün deyil, "güc toplamaq, yaralarını sağaltmaq və müharibəni davam etdirmək" üçün lazımdır: "Əgər onlar həqiqətən Kiyevdə seçki keçirmək istəyirlərsə, Rusiya Federasiyasının prezidenti, ali baş komandan seçki günü Ukraynaya hücum etməmək əmri verməyə hazır olacaq. Məhz seçki günü".
Kremlin sözçüsü əlavə edib ki, uzunmüddətli atəşkəsə gəldikdə, Rusiya müvəqqəti deyil, "gələcək nəsillər üçün davamlı sülhə" ehtiyac duyulduğunu düşünür.
Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Ukraynanın müharibəyə son qoymaq üçün "sövdələşmə əldə edə bilən” yeni bir liderə ehtiyacı olduğunu bildirib. Bundan sonra Zelenski Putin iki aylıq atəşkəsə razılaşarsa, seçkiləri keçirməyə hazır olduğunu bəyan edib. O, bu müddətin seçki kampaniyasının təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu söyləyib.
ABŞ-də yerləşən Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitiklərinin fikrincə, Rusiya Ukrayna seçkiləri məsələsindən danışıqları manipulyasiya etmək, hərbi əməliyyatları uzatmaq üçün istifadə edir. Kreml nəinki atəşkəsə razılaşmaqdan imtina edir, həm də Ukraynaya hər gün dron və raketlərlə hücumları davam etdirir. ISW-nin hesablamalarına görə, təkcə 4-11 oktyabr tarixləri arasında Rusiyanın hücumları nəticəsində 150-dən çox mülki şəxs həlak olub.
Ukraynada sonuncu dəfə prezident seçkiləri 2019-cu ildə keçirilib. Yeni səsvermə 2024-cü ilin mart ayına planlaşdırılmışdı, lakin o, hərbi vəziyyət səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. Zelenski həmçinin ukraynalıların xaricə kütləvi şəkildə köçməsini və ölkə ərazisinin təxminən 20%-nin işğalını seçkiyə maneə kimi göstərib.
Putin isə dəfələrlə Zelenskini potensial sülh müqaviləsi imzalamaq hüququ olan Ukraynanın qanuni prezidenti hesab etmədiyini bildirib.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər