Menu

"Ermənistanın bu il referendum keçirməsi real görünmür" - Paşinyan

12.10.2026, 18:59
"Ermənistanın bu il referendum keçirməsi real görünmür" - Paşinyan

Ermənistan hələ Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət etmədiyindən, 2026-cı ildə Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi real görünmür.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Radio France Internationale” (RFI) verdiyi müsahibədə bildirib.

“Biz hesab edirik ki, Ermənistanda bu məsələ ilə bağlı referendumun keçirilməsi üçün ən azı Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməsi zəruridir. Hələlik biz üzvlük üçün müraciət etməmişik və buna görə də bu il referendumun keçirilməsi qeyri-realdır”, – deyə Paşinyan deyib.

Bununla yanaşı, baş nazir Aİ-yə üzvlük üçün müraciət etməyin Ermənistan hakimiyyətinin hədəflərindən biri olduğunu təsdiqləyib, lakin bu addımın özlüyündə məqsəd olmadığını vurğulayıb.

“İndi məndən Ermənistan Respublikasının bu gün Avropa İttifaqının üzvü olmağa hazır olub-olmadığını soruşsanız, səmimi şəkildə “xeyr” cavabını verərəm. Çünki bu meyarlara uyğun gəlmək üçün hələ çoxlu islahatlar həyata keçirməliyik”, – Paşinyan bildirib.

Aİ və ABŞ ilə eyni vaxtda yaxınlaşmağın, həmçinin Rusiya ilə yaxşı münasibətləri qoruyub saxlamağın mümkünlüyü ilə bağlı suala cavab verən Paşinyan bildirib ki, hökumətlərin və siyasi xadimlərin vəzifəsi ilk baxışdan həlli mümkünsüz görünən məsələləri həll etməkdir.

“Hökumətlərin və siyasi xadimlərin vəzifəsi həlli mümkün olmayan tənlikləri həll etməkdir. Çünki həlli mümkün olmayan tənliklər olmasaydı, nə hökumətlərə, nə siyasi xadimlərə, nə də ümumiyyətlə müzakirələrə ehtiyac qalardı”, – Ermənistanın baş naziri deyib. /Trend

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol