Tehran hesab edir ki, ABŞ və İsrailin atəşkəs əldə etmək səyləri yalnız bazarlardakı təzyiqi azaltmağa və döyüş əməliyyatlarının yeni mərhələsinə hazırlaşmağa yönəlib. 

"AzPolitika" bildirir ki, bu barədə "The Wall Street Journal" anonim rəsmilərə və kəşfiyyat məlumatlarına istinadən xəbər verir. 

Nəşrin məlumatına görə, İranda əminlik var ki, əvvəllər bağlanmış memorandum yalnız ABŞ və İsrailin qlobal iqtisadiyyata olan təzyiqi zəiflətmək və vaxt qazanmaq cəhdi olub, indiki danışıqlar prosesi isə "müharibədən əvvəlki fasilədir" (interlyudiya). Bundan əlavə, İslam Respublikasında belə bir rəy geniş yayılıb ki, əsas müharibə hələ başlamayıb, hazırda baş verənlər isə daha miqyaslı qarşıdurmadan əvvəl rəqibin imkanlarını zəiflətməyə yönəlmiş məhdud və tədrici eskalasiyadır.

Nəşr vurğulayır ki, İranın hazırkı hərbi hazırlıqları Vaşinqton və Tehran arasında böhranın bu mərhələsinin qavranılmasında nəhəng fərqin olduğunu göstərir. Bu fikir ayrılığı son dərəcə sərt danışıqlar mövqeyinin formalaşmasına və İran liderlərinin sazişlər bağlamaq istəməməsinə gətirib çıxarıb.

Bütün bunlar onu göstərir ki, Yaxın Şərqdə davam edən diplomatik təmaslar gərginliyi azaltmaqdan ziyadə, tərəflərin geostrateji manevr imkanlarını genişləndirməyə xidmət edir. Tehranın mövcud prosesləri aldadıcı sakitlik kimi dəyərləndirməsi və hərbi eskalasiyaya köklənməsi, regional təhlükəsizlik arxitekturasının tamamilə iflasa uğradığını sübut edir. Nəticədə, tərəflərin bir-birinin niyyətinə olan dərin inamsızlığı hər an kontroldan çıxa biləcək və yalnız Yaxın Şərqi deyil, qlobal enerji və tədarük zəncirlərini də darmadağın edə biləcək daha irimiqyaslı bir münaqişə riskini maksimuma çatdırır.

"AzPolitika.info"