Masallıda 22 yaşlı oğlan sevgi münasibətində olduğu qıza meşədə təcavüz etməkdə ittiham edilib.
"AzPolitika" Demokrat.az-a istinadla xəbər verir ki, 2004-cü il təvəllüdlü Tacir sevgili münasibətində olduğu yetkinlik yaşına çatmayan Sara (adlar şərtidir – red.) ilə cəmi iki dəfə əlaqədə olub.
Belə ki, o, 2024-cü ilin iyul və avqust aylarının dəqiq məlum olmayan günlərində Masallı şəhəri, Dadva küçəsində yerləşən meşə zolağında Saraya qarşı intim hərəkətlər edib.
Tacirin barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrar cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Tacir ona elan edilmiş ittihamda özünü qismən, yəni Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, Sara ilə Masallı rayonunda parkda tanış olub və aralarında sevgi münasibətləri yaranıb:
“2024-cü ilin avqust ayında Masallı rayonunda meşədə Sara ilə 1 dəfə cinsi əlaqədə oldum. Başqa vaxt Sara ilə cinsi əlaqədə olmamışam. Onun azyaşlı olmasını bilmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, Sara ilə cinsi əlaqə nəticəsində Sənan adında bir övladı olub:
“Hazırda Sara ilə bir yerdə yaşamasaq da, hər gün uşağıma baş çəkmək üçün gedirəm. İşləyərək qazancımdan ona lazımi şeyləri alıram, uşaq faktiki olaraq mənim himayəmdədir. Törətdiyim əməldən peşmanam”.
Təqsirləndirilən şəxs ifadəsində uşağın ona məxsus olduğunu, bunu genetik ekspertizanın nəticəsinin də göstərdiyini deyib:
“Sara ilə cəmi bir dəfə cinsi əlaqədə olmuşam. Hərbi xidmət keçən zaman 2023-cü ilin sentyabr ayında Qarabağda antiterror əməliyyatlarında iştirak etmişəm”.
Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər müəyyən olunub. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.
Həmin ifadədə o, göstərib ki, Sara ilə ilk dəfə 2024-cü ilin iyul ayının əvvəllərində, ikinci dəfə isə 2024-cü ilin avqust ayında cinsi əlaqədə olub.
Məhkəmə təqsirləndirilən şəxsin ziddiyyətli ifadələrini müqayisəli tədqiq edib və hesab edib ki, Sara ilə bir dəfə cinsi əlaqədə olması barədə verdiyi ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyil və özünü müdafiə xarakteri daşıyıb.
Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş yetkinlik yaşına çatmayan Saranın sözlərinə görə, 2024-cü ilin yay aylarında Tacirlə tanış olub və aralarında sevgi münasibətləri yaranıb:
“Tacirlə 2024-cü ilin avqust ayında meşədə bir dəfə cinsi əlaqədə olmuşam. Onunla cinsi əlaqədə olandan sonra hamilə qalmışam və 2025-ci ilin may ayının 18-də oğlan uşağı dünyaya gəlib. Uşağın adını Sənan qoymuşam. Hazırda Tacirdən ayrı yaşayıram. Lakin o, hər gün gələrək uşağa baş çəkir, maddi ehtiyacları ödəyir, uşağın saxlanılmasını təmin edir”.
Zərərçəkmiş ifadəsində Tacirdən heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını, onu bağışladığını, tutulmasını istəmədiyini deyib. O bildirib ki, yaşına görə özü heç bir yerdə işləmir, Tacir tutularsa, uşağın saxlanılması maddi imkan xaricində olacaqdır.
İş üzrə izahat verən zərərçəkmiş Saranın qanuni nümayəndəsi, anası Ləmanın sözlərinə görə, zərərçəkmiş şəxs onun qızıdır:
“Saranın hamilə olmasını onun 6 aylıq olduğu vaxtı bilmişəm. Bundan əvvəl bu barədə məlumatım olmayıb. Mən çox vaxt işdə olmuşam, yalnız axşamlar işdən sonra evdə olmuşam. Qızımda dəyişiklik hiss etsəm də, onun hamilə olmasını düşünməmişəm. Həkimə gedərək qızımın hamilə olmasını dəqiqləşdirdikdən sonra özüm polisə şikayət etmişəm”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tacir Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il müddətə yetkinlik yaşına çatmayanı tərbiyə etmək və nəzarəti həyata keçirmək vəzifəsi daşıyan fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və təyin olunmuş 6 il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab olunub. Ona 4 il sınaq müddəti müəyyən edilib.
Hökmdə qeyd olunub ki, Tacirə təyin olunmuş yetkinlik yaşına çatmayanı tərbiyə etmək və nəzarəti həyata keçirmək vəzifəsi daşıyan fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəzası
Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun.
Hökmə əsasən, sınaq müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb.
Bundan əlavə, ona Masallı rayonunun inzibati ərazisini tərk etməsi, yaşayış yerini cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi qadağan olunub.
Bundan başqa, Tacirin üzərinə övladı Sənanın saxlanılmasına maddi yardım göstərmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş yerini, daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsin sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub.

Şərhlər