Türkiyə adambaşına düşən gündəlik orta siqaret istifadəsinə görə, dünyada ilk sırada qərarlaşıb. Ölkədə bir nəfərə gün ərzində orta hesabla 17,1 ədəd siqaret düşür.
Bu barədə ağciyər xəstəlikləri üzrə mütəxəssis, professor Şevket Özkaya məlumat verib.
O bildirib ki, inkişaf etmiş ölkələrdə siqaret istifadəsi son illərdə azalsa da, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrdə tütün məhsullarının istehlakı artmaqda davam edir.
Onun sözlərinə görə, sosial, iqtisadi və sosiomədəni amillərlə yanaşı, nikotin asılılığının geniş yayılması da siqaret istehlakının yüksək olmasına təsir göstərir.
Özkaya qeyd edib ki, aparılan araşdırmalara əsasən, Türkiyədə adambaşına düşən orta gündəlik siqaret istehlakı 17,1 ədəd təşkil edir. Bu göstərici ilə ölkə dünya üzrə birinci yerdədir. Müqayisə üçün, Yunanıstanda bu rəqəm 15,7, İsraildə 15,5, Yaponiya və Avstriyada isə 15,4 ədəddir.
Türkiyədə siqaret istehlakının miqyası satış rəqəmlərində də özünü göstərir.
Özkayanın sözlərinə görə, ötən il ölkədə təxminən 8 milyard paket siqaret satılıb.
Mütəxəssis bu rəqəmin miqyasını göstərmək üçün maraqlı müqayisə də aparıb. O bildirib ki, Türkiyənin əhalisinin təxminən 80 milyon olduğu nəzərə alınarsa, satılan siqaretlərin ümumi həcmi ölkədə yaşayan hər bir insanın, o cümlədən yeni doğulmuş körpələrin belə, il ərzində orta hesabla 100 paket siqaret istehlak etməsinə bərabərdir.
Digər tərəfdən, Türkiyədə siqaret istifadəsinin gender üzrə göstəriciləri də diqqət çəkir. Özkayanın açıqladığı rəqəmlərə əsasən, ölkədə orta hesabla hər iki kişidən biri siqaret çəkir. 18 yaşdan yuxarı qadınlar arasında isə hər dörd nəfərdən biri tütün istifadəçisidir.
Mütəxəssis bu göstəriciləri yüksək qiymətləndirərək Türkiyədə siqaret istehlakının artıq ciddi narahatlıq doğuran səviyyəyə çatdığını vurğulayıb.
"AzPolitika.info"

Şərhlər