Türkiyənin Adana şəhərində "Furkan Vəqfi"nə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı vəqfin qurucu rəhbəri Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytulun da aralarında olduğu çox sayda şəxs saxlanılıb.
"AzPolitika" Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, əməliyyat səhər saatlarında Adana Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Kuytulun Seyhan rayonundakı evinin ətrafında çevik qüvvə və xüsusi təyinatlı polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb.
Kuytulun "X" hesabından yayılan açıqlamada onun və həyat yoldaşının “saxlanılma qərarı olmadan, qandallanaraq qanunsuz şəkildə” saxlanıldığı iddia edilib. Hesabdan saxlanılma anını əks etdirən video da paylaşılıb.
Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial media hesabında əməliyyatla bağlı məlumat verib.
Nazirin sözlərinə görə, “cinayət təşkilatı yaratmaq və idarə etmək, təşkilata üzvlük, cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması, ağırlaşdırılmış dələduzluq, rəsmi sənədlərin saxtalaşdırılması və Vergi Prosessual Qanununa zidd hərəkətlər” ittihamları üzrə 32 şübhəli barəsində hüquqi proses başladılıb.
Gürlek bildirib ki, Adana mərkəzli olmaqla altı vilayətdə 49 ünvanda eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat çərçivəsində 5 şirkətə qəyyum təyin edildiyi, həmçinin 349 sosial media hesabına girişin məhdudlaşdırılması barədə qərar verildiyi açıqlanıb.
Ədliyyə naziri xüsusilə vurğulayıb ki, araşdırma hər hansı dini qrup, inanc və ya düşüncə ilə bağlı deyil.
Maraqlı məqamlardan biri oldur ki, əməliyyat Alparslan Kuytulun bir neçə gün əvvəl sosial media hesabında yaydığı açıqlamadan sonra baş verib.
Kuytul avqustun 15-də yayımladığı videoda Süleymancılar icmasının uzun illər hökumətə səs vermədiyini və bir müddət CHP-ni dəstəklədiyini bildirib. O, həmin icmaya qarşı keçirilən əməliyyatın siyasi mövqelərlə əlaqəli ola biləcəyini iddia edib.
Kuytulun sözlərinə görə, Süleymancılar AKP-ni dəstəkləsəydilər, onların belə bir əməliyyatla üzləşməyəcəyinə əmin olardı.
Bu açıqlamadan sonra Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral Kuytula sərt cavab verib.
Saral sosial media paylaşımında Kuytula müraciətlə “Sənin də suyun kifayət qədər isindi, Kuytul! Ağıllanmamısan, sıra sənə də gələcək!” ifadələrini işlədib.
İstintaq çərçivəsində irəli sürülən ittihamlarla bağlı yekun hüquqi qərarın isə araşdırmanın nəticələrindən sonra veriləcəyi gözlənilir.
"AzPolitika.info"

Şərhlər