Bakıda avtomobil qəzası zamanı bir nəfərin ölümü, iki nəfərin yaralanmasına səbəb olmaqda təqsirləndirilən Gülnarə Eynullayevanın cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən yekun iclasda prokuror təqsirləndirilənin 3 il sürücülük hüququndan məhrum edilməklə 8 il azadlıqdan məhrum edilməsini təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Gülnarə Eynullayeva 3 il sürücülük hüququndan məhrum edilməklə 6 il 9 ay 3 gün azadlıqdan məhrum edilib.

Qeyd edək ki,hadisə 2023-cü ilin fevralın 4-də paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Gülnarə Rasim qızı Eynullayeva idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, yolayrıcı səddi aşaraq əks istiqamətdə hərəkətdə olan paytaxt sakini, 1990-cı il təvəllüdlü Səid Elmar oğlu Qurbanovun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə S.Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri - 2000-ci il təvəllüdlü Nicat Arzu oğlu Bağırov və 1981-ci il təvəllüdlü Səbuhi İslam oğlu Abbasov aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılmışdı.