Ötən gecə Kiyev üçün çox ağır keçib. 

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər xəbər verir ki, növbəti kütləvi PUA və raket hücumu nəticəsində paytaxtda azı 12 mülki vətəndaş həlak olub, 33 nəfər yaralanıb.

Monitorinq kanalları hücum zamanı təxminən 200-ə yaxın “Şahed” PUA-sı və onlarla X-101 raketi, “İsgəndər-M/S-400” ballistik raketi, “Sirkon” raketi, Şimali Koreya raketləri, “Kalibr” və X-69 raketlərindən istifadə olunduğunu bildirir.

Hücum təxminən 11 saat davam edib.Şəhərin hərbi administrasiyasının məlumatına görə, hücumun nəticələri Darnitski, Svyatoşinski və Solomyanski rayonlarında 12-dən çox yerdə qeydə alınıb: "Yaşayış binaları, tibb müəssisəsi və təhsil müəssisəsi zədələnib. Geniş ərazidə anbarlarda yanğınlar baş verib".

Solomyanski rayonunda doqquzmərtəbəli yaşayış binasının səkkizinci və doqquzuncu mərtəbələri partlayış nəticəsində dağılıb, yeddinci-doqquzuncu mərtəbələrdə yanğınlar baş verib. Digər yaşayış binalarında və tibb müəssisəsində də pəncərələr sınıb, avtomobillər, qarajlar və mağaza yanıb. İnsanlar iki yaşayış binasında və məktəb sığınacağında qalıblar.

Ukrayna mediasının məlumatına görə, raket hücumu əsasən Kiyev, Brovarı və Borispol şəhərlərini hədəf alıb. Rusiya hələlik zərbələrlə bağlı şərh verməyib.

Ötən gecə Ukrayna da Rusiya neft sənayesi obyektlərinə zərbə endirib. Tatarıstan, Krasnodar diyarı və Tambovda partlayışlar qeydə alınıb. Tatarıstana aid Nijnekamskdakı TANECO neft emalı zavoduna PUA hücumu olub. Hücumla bağlı sosial mediada videolar yayımlanıb.

İlkin məlumatlara görə, Krasnodar diyarında Tamannefteqaz neft terminalı və işğal olunmuş Krımı elektrik enerjisi ilə təmin edən enerji qovşağı olan 500 kV-luq Taman yarımstansiyası vurulub.

Tambovda da bir sıra güclü partlayışlar baş verib.

“AzPolitika.info”