Böyük Britaniya İsraildən İordan çayının qərb sahilində yeni məskunlaşma planlarını dayandırmağı tələb edib

İsrail hökumətinin İordan çayının qərb sahilində 1200-dən çox yeni evin tikintisi üçün tender elan etməsi ilə əlaqədar Böyük Britaniya Xarici İşlər Nazirliyi İsrailin müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. 

"AzPolitika" xəbər verir ki, Britaniya idarəsinin rəhbəri Ed Miliband bu addımı «qəbuledilməz və dağıdıcı akt» adlandıraraq vurğulayıb ki, bu qərar «iki dövlətli həll variantının həyata keçirilməsini təhlükə altına qoyacaq».

«İsrail hökuməti E1 məskunlaşma zonasındakı tikinti planlarını dərhal dayandırmalı, tenderi ləğv etməli və məskunlaşma ərazilərinin hər hansı formada genişləndirilməsinə son qoymalıdır», — deyə nazir bildirib və bu mesajı birbaşa israilli həmkarı Gideon Saara çatdırdığını əlavə edib. Ed Miliband Britaniyanın fəaliyyətsiz qalmayacağını və «iki dövlətli həllin məhv edilməsi ilə barışmayacağını» qeyd edib.

E1 layihəsi Qüds ilə Maale-Adumim arasındakı ərazidə tikinti aparılmasını nəzərdə tutur ki, bu da «yaşıl xətt»dən kənarda, Şərqi Qüds ətrafındakı İsrail zonasını genişləndirəcək. Bir qədər əvvəl İsrail hökuməti İordan çayının qərb sahilində yeni məskunlaşma yerlərinin salınması planını — E1 layihəsini yekun olaraq təsdiqləmişdi. İsrailin maliyyə naziri Bezalel Smotriç bu qərarın «iki dövlətin birgə yaşayışı ilə bağlı xəyali konsepsiyanı üstündən xətt çəkdiyini» bəyan edib.

"AzPolitika.info"