Azərbaycan Baş Prokurorluğunun ölkəmizə qarşı təxribat və təhdidlərə görə 3 rusiyalı “jurnalistə” dair sərt qərarından sonra Rusiya təbliğatının “qurbağa gölünə daş düşüb”.

“AzPolitika” xəbər verir ki, Azərbaycan tərəfinin adekvat və tam hüquqi cavabından, Rusiya səfirinin Azərbaycan XİN-ə çağırılmasından, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın həmin “jurnalistlər”ə sahib çıxmaqdan imtina edən bəyanatından, ardınca Aleksey Çadayevin Nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefasından sonra Azərbaycanı bu və ya digər formada hədəf alan irili-xırdalı Rusiya təbliğatçıları, “Z-bloqerlər”i bir-bir “kölgəyə çəkilirlər”. Bu “divan qəhrəmanları” Azərbaycana dair təxribat xarakterli köhnə və yeni efirlərini, açıqlama və şərhlərini ya silir, ya təkzib edir, ya da ümumilikdə bu mövzuyla bağlı danışmaqdan imtina edirlər.

Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun məlum qərarndan sonra Kremlin baş təbliğatçılarından sayılan Vladimir Solovyov “Rossiya-1” kanalının efirində həmin 3 “jurnalist”ə qəhmər çıxmağa və Azərbaycanın mövqeyini özünəməxsus təxribatçı və isterik formada şərh etməyə çalışmışdı: “İndi Azərbaycan üç vətəndaşımızı axtarışa verib. Biz buna hər hansı bir şəkildə cavab verdikmi? Bəs Azərbaycan xarici işlər nazirinin Ukraynaya səfərinə necəsə cavab verdikmi? Yox. Özünüzə sual verin: Azərbaycan və bir sıra digər ölkələr niyə bu cür davranırlar? Onlar əmindirlər ki, biz (Ukrayna ilə) müharibəni uduzacağıq. Onlar tərəf seçiblər. Onlar qalib hesab etdiklərinin tərəfindədirlər. Onlar bunu heç gizlətmirlər də. Onlar öz dövlət maraqlarından çıxış edirlər... Lakin onlar əmindirlər ki, biz məğlub olacağıq. Çünki onlar əmindirlər ki, biz heç vaxt cavab verməyəcəyik: nə Qərbə, nə də onlara".

İndi isə məlum olur ki, Solovyov həmin efirindəki Azərbaycana dair yuxarıda qeyd etdiyimiz şərhini silib. Rusiya Telegram kanallarının xəbər verdiyi kimi, indi internetdə həmin «Полный контакт» adlı efirin 3 dəqiqəsi kəsilib - “yoxa çıxıb”. Həmin kəsilən 3 dəqiqə isə onun Azərbaycana dair dediklərinin yer aldığı hissədir.


Daha bir maraqlı xəbər isə Azərbaycanla Rusiya arasında növbəti diplomatik qalmaqala səbəb olan 3 “jurnalist”in çıxış etdiyi "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişi ilə bağlıdır. Bu verilişin canlı efirləri dayandırılıb və kanal rəsmən “tətilə çıxdığı” barədə məlumat yayıb. Bundan sonra kanal canlı yayımlanmayacaq, yalnız əvvəldən çəkilmiş verilişləri efirə verəcək…

Yeri gəlmişkən, bir çox Rusiya Teleqram kanalları həmin verilişin birbaşa dövlət vəsaiti ilə çıxarıldığı və Kreml tərəfindən maliyyələşdirildiyi barədə məlumatlar yayırlar. Bu, bir tərəfdən zatən bəlli olan faktı təsdiqləyir, digər tərəfdən isə bir daha Mariya Zaxarovanın həmin təxribatçı efirlərlə bağlı “bu fikirlər Rusiya hökumətinin mövqeyini əks etdirmir” bəyanatını puça çıxarmış olur.

C.Məmmədli

“AzPolitika.info”