Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin ikinci atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı hazırlıq işlərinin başlandığını açıqlayıb.

"AzPolitika" xəbər verir ki, dövlət başçısı bu barədə Xarəzm vilayətinə işgüzar səfəri zamanı bildirib.

Prezidentin sözlərinə görə, xarici investisiyaları cəlb etmək və ölkənin 2030-cu ilə qədər İnkişaf Strategiyasını uğurla həyata keçirmək üçün etibarlı enerji təchizatı və elektrik enerjisi xərclərinin azaldılması vacibdir. Mirziyoyev hələlik yeni AES-in parametrlərini, yerini, gücünü və ya dəqiq tikinti müddətini açıqlamayıb.

Hazırda Cizzax vilayətinin Fəriş rayonunda ölkənin ilk atom elektrik stansiyası layihəsi üzrə işlər davam edir. Gələcək stansiyanın təməli iyunda qoyulub.

Özbəkistan ilk atom elektrik stansiyası layihəsini Rusiyanın “Rosatom” dövlət korporasiyası ilə birgə həyata keçirir.