Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə Rusiya cəmiyyətindəki əhval-ruhiyyəyə dair diqqətçəkən bəyanat verib. Ukrayna lideri bildirib ki, hazırda Rusiya əhalisinin 60 faizdən çoxu atəşkəsin elan olunmasını və müharibənin dərhal başa çatmasını arzulayır.
“AzPolitika” xəbər verir ki, Zelenski bu göstəricini Ukrayna ordusunun Rusiyanın dərinliklərindəki hərbi və logistik infrastrukturlara, o cümlədən "Wildberries" kimi nəhəng anbar komplekslərinə endirdiyi effektiv zərbələrlə əlaqələndirib.
Ukrayna prezidentinin sözlərinə görə, Kiyev bu kimi xüsusi əməliyyatların Rusiya cəmiyyətinə və ictimai rəyə birbaşa təsirini aydın şəkildə qeydə alır:
“Rusiyada çoxları müharibənin dayanmasını istəyir. Onlar öz mövqelərini sadəcə belə ifadə edirlər: 'Müharibə sadəcə bitin'”.
Zelenski Rusiya cəmiyyətində müharibə əleyhinə artan əhval-ruhiyyənin bariz sübutu kimi müxalif “Yabloko” Partiyasının Dövlət Dumasına seçkilərdən kənarlaşdırılmasını göstərib.
Ukrayna lideri qeyd edib ki, “Yabloko” Rusiya seçki bülletenində müharibənin dayandırılmasını açıq şəkildə müdafiə edən yeganə siyasi platforma idi. Kremlin ilkin hesablamalarına görə, partiya maksimum 4% səs toplamalı idi. Lakin son sosioloji sorğular “Yabloko”nun reytinqinin 11-12%-ə yüksəldiyini, hakim “Yedinaya Rossiya” partiyasının göstəricilərinin isə kəskin düşdüyünü ortaya qoyub.
“Kreml müharibəyə heç bir siyasi alternatifin qalmaması üçün 'Yabloko'nu seçkilərdən kənarlaşdırdı”, – deyə Zelenski vurğulayıb.
Müstəqil mətbuatın və "Levada-Center" sosioloji mərkəzinin son araşdırmaları da Zelenskinin bəyanatlarını dəstəkləyir. Mərkəzin keçirdiyi sorğulara əsasən, rəsmi rəyi soruşulanların 62%-i hərbi əməliyyatların davam etdirilməsi əvəzinə dərhal sülh danışıqlarına keçilməsini üstün tutur. Eyni zamanda, "Russian Field" tədqiqat mərkəzinin məlumatları da Rusiya cəmiyyətində sülh tələbinin kəskin artdığını göstərir.
Xatırladaq ki, Rusiya Ali Məhkəməsi “Rodina” partiyasının iddiası əsasında “Yabloko”nu seçki marafonundan kənarlaşdırıb. Nəticədə, bülletendə qalan 10 siyasi partiyanın hamısı bu və ya digər dərəcədə Kremlin müharibə xəttini dəstəkləyir.
Rasim
“AzPolitika.info”

Şərhlər