Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nağı Quliyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
"AzPolitika" pravda.az-a istinadən xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Nağı Quliyev özgənin əmlakını gizli şəkildə talamaqla oğurluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata əsasən, təqsirləndirilən şəxs özgə əmlakını gizli şəkildə talamaq məqsədilə 2025-ci ildə Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif mağazalara müştəri qismində daxil olub.
Belə ki, o, ilk olaraq 2025-ci il tarixdə saat 18:15-də Sumqayıtda fəaliyyət göstərən MMC-lərdən birinə məxsus mağazaya daxil olub.
Nağı Quliyev ətrafdakı şəxslərin onun hərəkətlərini müşahidə etmədiyinə əmin olduqdan sonra vitrində satış üçün qoyulmuş, hər birinin dəyəri 750 manat olan iki ədəd “Samsung” markalı smart qol saatını gizli şəkildə götürüb.
Bununla da mağazaya məxsus hüquqi şəxsə ümumilikdə 1 500 manat məbləğində maddi ziyan vurduğu bildirilib.
Bundan başqa, Nağı Quliyev 2025-ci il tarixdə saat 16:09 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kontakt Home” mağazasına daxil olub. O, burada da ətrafdakı şəxslərin hərəkətlərini müşahidə etmədiyinə əmin olduqdan sonra vitrində satış üçün qoyulmuş əşyaları gizli şəkildə götürüb. Bu zaman 450 manat dəyərində qulaqcıq və 110 manat dəyərində qulaqcıq oğurlanıb.
Nəticədə mağazaya ümumilikdə 560 manat maddi ziyan dəydiyi qeyd olunub.
Bundan başqa, Nağı Quliyev 2025-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 27 ünvanında yerləşən “28 Mall” ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən “Kontakt Home” mağazasına daxil olub. Burada vitrində satış üçün qoyulmuş 240 manat dəyərində kompüter aksesuarını – kompüter mausunu gizli şəkildə götürərək mağazadan uzaqlaşıb.
Bu epizod üzrə də zərərçəkmiş hüquqi şəxsə 240 manat məbləğində maddi ziyan vurulduğu göstərilib.
Təqsirləndirilən şəxs bununla da kifayətlənməyib.
O, 2025-ci il tarixdə saat 19:03-də “City Tech” telefon mağazasına müştəri qismində daxil olub. Ətrafdakıların onun hərəkətlərini müşahidə etmədiyinə əmin olduqdan sonra vitrində satış üçün qoyulmuş 2 200 manat dəyərində “iPhone 16 Pro” markalı mobil telefonu gizli şəkildə götürərək mağazadan uzaqlaşıb.
Nəticədə zərərçəkmiş şəxsə 2 200 manat məbləğində maddi ziyan vurulduğu qeyd olunub.
Beləliklə, Nağı Quliyev müxtəlif vaxtlarda mağazalardan ümumilikdə 4 500 manat məbləğində elektron əşyaları gizli şəkildə talayıb.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Nağı Quliyevə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Lakin məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxs barəsində bundan əvvəl də hökm çıxarılıb.
Belə ki, Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Bu səbəbdən hazırkı iş üzrə təyin edilmiş cəza əvvəlki hökm üzrə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanıb. Nəticədə Nağı Quliyev barəsində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilib.

Şərhlər