Eyni məhsulun müxtəlif marketlərdə fərqli qiymətə satılması istehlakçıların gündəlik alış-veriş zamanı tez-tez rastlaşdığı hallardan biridir. Bəzən eyni marka və eyni çəkidə olan məhsul bir marketdə daha ucuz, digər mağazada isə daha baha təklif olunur. Bu isə alıcılarda qiymət fərqinin nədən yarandığı və marketlərin məhsullara istədikləri qiyməti qoyub-qoya bilmədiyi ilə bağlı suallar yaradır.

Xüsusilə ərzaq və gündəlik tələbat məhsullarında bir neçə market arasında qiymət müqayisəsi aparıldıqda nəzərəçarpacaq fərqlər ortaya çıxa bilər.

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, eyni məhsulun müxtəlif marketlərdə fərqli qiymətə satılması normal bazar hadisəsidir: “Eyni məhsulun müxtəlif marketlərdə fərqli qiymətə satılması normal bazar hadisəsidir və bunun bir neçə səbəbi var. Market məhsulu istehsalçıdan və ya distribütordan hansı qiymətə alır, nə qədər böyük həcmdə alış edir, hansı endirim və bonusları əldə edir – bunlar son satış qiymətinə təsir göstərir. Bundan başqa, marketin yerləşdiyi ərazi, icarə haqqı, işçi maaşları, elektrik, logistika, anbar və digər əməliyyat xərcləri də qiymətə əlavə olunur.

Marketlərin xərclərinin qiymətə təsiri kifayət qədər böyük ola bilər. Məsələn, böyük ticarət şəbəkəsinin iri həcmdə məhsul alması ona daha aşağı alış qiyməti əldə etməyə imkan verə bilər. Kiçik mağazanın isə belə imkanları olmur. Digər tərəfdən, bəzi marketlər müştəri cəlb etmək üçün müəyyən məhsullarda daha aşağı marja ilə işləyir, başqa məhsullarda isə marjanı nisbətən yüksək saxlayırlar. Ona görə də yalnız bir məhsulun qiymətinə baxaraq marketin ümumi olaraq baha və ya ucuz olduğunu müəyyən etmək həmişə düzgün deyil”.

Ekspert istehlakçıların məhsul alarkən nələrə diqqət etməli olduqlarını da açıqlayıb:“Vətəndaş üçün ən düzgün yanaşma eyni məhsulun eyni çəkisini, qablaşdırmasını və istehsalçısını müqayisə etməkdir. Xüsusilə endirimli məhsullarda əvvəlki qiymətə deyil, hazırda kassada ödənilən yekun məbləğə diqqət etmək lazımdır. Bir neçə marketdə qiymətləri müqayisə etmək, kiloqram və ya litr üzrə qiymətə baxmaq da real fərqi görməyə kömək edir”.

Akif Nəsirli bildirib ki, qiymətlər arasındakı fərq bazardakı rəqabətlə də bağlı ola bilər: “Ümumiyyətlə, qiymət fərqi bazarda rəqabətin nəticəsi də ola bilər. Amma eyni məhsulun qiymətində ciddi fərq varsa, istehlakçı alış etməzdən əvvəl alternativləri müqayisə etməklə həm öz xərclərini azalda, həm də marketlərin daha rəqabətli qiymət siyasəti yürütməsinə təsir göstərə bilər”.