İranın ali dini lideri Müctəba Xameneinin iclasda iştirakını əks etdirən yeni görüntülər yayılıb.

"AzPolitika" xəbər verir ki, uzun müddətdir ictimaiyyət qarşısında görünməyən Xameneinin toplantıda "strateji nəzarətçi" kimi yer aldığı bildirilib.

Kadrlarda Xameneinin iclasın gedişatını izlədiyi görünür. Lakin toplantının nə vaxt və harada keçirildiyi, eləcə də iştirakçıların kimliyi ilə bağlı hər hansı məlumat açıqlanmayıb.

Xameneinin olduğu yer ilə bağlı müxtəlif iddialar səsləndirilit. Eyni zamanda yayılan kadrların hansı tarixdə çəkildiyi məlum deyil.

Xarici KİV yazır ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və İsrailin xarici kəşfiyyat xidməti "Mossad" Xameneinin yerini müəyyənləşdirməyə çalışır.

Xameneinin elektron izləmədən yayınmaq üçün şəxsi telefon və kompüterdən istifadə etmədiyi, həmçinin peyk müşahidəsindən qorunmaq məqsədilə yeraltı sığınacaqda qaldığı iddia edilir.

Bundan başqa, İran prezidenti Məsud Pezeşkianın təhlükəsizlik tədbirləri çərçivəsində gizli məkana aparılaraq Xamenei ilə görüşdüyü barədə də iddialar yayılıb. Görüşün keçirildiyi yerin qaranlıq olması səbəbindən Pezeşkianın qarşısındakı şəxsin həqiqətən Xamenei olduğuna əmin olmadığı da iddialar sırasında yer alıb.

Qeyd edək ki, İran mediası avqustun 9-da da Müctəba Xameneiyə aid olduğu bildirilən 13 saniyəlik video yayımlamışdı. Həmin görüntülərin dəqiq harada və nə vaxt lentə alındığı da açıqlanmamışdı.