Xəbər verildiyi kimi, Ermənistanın keçmiş prezidenti, hazırkı “Ermənistan” blokunun başçısı Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan onun Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıldığını bildirib.

“AzPolitika” xəbər verir ki, Ermənistan mediası artıq Koçaryanın və onun oğlu Sedrakın həbs olunduğu barədə məlumat yayıb.

Qeyd edək ki, hələ iyunun 17-də Ermənistan Mərkəzi Seçki Komissiyası Koçaryana qarşı cinayət təqibini təsdiqləyib və onun toxunulmazlıq hüququ götürülüb. Koçaryana aid cinayət işinə 2004-2009-cu illər arasında vəzifə səlahiyyətlərindən sui-istifadə, eləcə də çirkli pulların yuyulması daxildir. Ona qarşı vəzifəsindən sui-istifadə və korrupsiya ilə bağlı istintaq 2018-ci ildən bəri davam edir.

Robert Koçaryan hələ iynun 14-də Ermənistandan qaçmağa cəhd etmişdi. Lakin Zvartnots hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı. Sonradan onun ofisi Koçaryanın guya 3 günlük “şəxsi səfərə” getmək istədiyi və geri dönəcəyi barədə məlumat yaydı.


Bu gün baş verən həbs və axtarışlar Ermənistan mediası tərəfindən daha çox dünən parlamentdə Baş nazir Nikol Paşinyanla Koçaryanın oğlu Levon arasında baş verən qalmaqalla əlaqələndirilir. 

Paşinyan parlament tribunasında olarkən Levon Koçaryan onu satqınlıqda günahlandıraraq sual verib: "Xalq bizə deyir ki, “artsax”ı məhv edən və minlərlə insanın ölümünə səbəb olan bu alçaq və xain niyə hələ də buradadır?".

Burada haşiyə çıxaraq qeyd edək ki, Koçaryanın barəsində danışdığı erməni xalqının yarıdan çoxu məhz Paşinyana səs verib, Koçaryanın dəstəsinə yox…

Paşinyan Koçaryanın oğlunu cavabsız qoymayıb və onların klanını törətdikləri cinayətlərə və korrupsiyaya görə mütləq mühakimə etdirəcəyini deyib: "Niyə sən milyonçusan? Ailən necə milyonçu oldu? Şəhərin (İrəvanın-red.) şimalına gedirsən - hamısı sizindir, qərbə gedirsən - o da sizindir. Hər şeyi kənara qoyub, bunu izah edə bilərsənmi? Səni mühakimə edəcəyəm!”.

Qeyd edək ki, bu gün səhərdən etibarən təkcə Koçaryan klanına aid evlərdə deyil, biznes subyektlərində də axtarışlar aparılıb. Vergi orqanları Koçaryan klanına aid “Toyota”-nın İrəvan ofisini möhürləyib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları isə digər obyektlərə, o cümlədən böyük “Play City” əyləncə mərkəzinə və “Orange Fitness” mərkəzinə “baş çəkiblər”.

Xatırladaq ki, R.Koçaryan, Paşinyan hakimiyyətə gələndən sonra 3 dəfə həbs edilib. İlk dəfə 2018-ci ilin iyul ayında saxlanılan bu hərbi cani həmin ilin avqust ayında Apelyasiya Məhkəməsi tərəfindən toxunulmazlıq hüququ verilərək azadlığa buraxılıb. İkinci həbsi 2018-ci ilin dekabr ayında baş tutub və 2019-cu ilin may ayına qədər davam edib, sonra o, girov müqabilində azadlığa buraxılıb. Üçüncü həbsi 2019-cu ilin iyun ayında olub və 2020-ci ilin iyun ayında girov müqabilində məhkəməyəqədər həbsdən azad edilib. Erməni mediası onun hər dəfə azadlığa buraxılmasını Moskvanın İrəvana təzyiqi ilə əlaqələndirib. İndi isə Paşinyan getdikcə daha çox Moskvaya “buynuz göstərməyə” başladığından, Koçaryanın budəfəki həbsinin daha uzunmüddətli olacağını ehtimal etmək olar.

Beləliklə, Paşinyan Kremlin Ermənistandakı “baş emissarı”, Qarabağdakı qondarma separatçı qurumun yaradıcılarından biri və Azərbaycana qarşı saysız-hesabsız hərbi cinayətlərin müəllifi olan Koçarynanı öz klanı ilə birgə “küncə sıxışdırıb”. Bu, həm də Kremlə vurulan tərs şillə sayıla bilər. Bu prosesin hara qədər gedəcəyini və nə ilə nəticələnəcəyini isə yəqin ki, yaxın zamanda görəcəyik.


C.Məmmədli

“AzPolitika.info”