İsraildə “qafqaz mafiyası”nın başçısı güllələnib.
"AzPolitika" xəbər verir ki, “Qafqaz mafiyası”nın rəhbəri Yanis Yuşvaev İsrailin şimal-qərbində yerləşən Qeysəriyyə (Kesariya) ərazisində güllələnib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. Polisin məlumatına görə, şübhəlilər hadisə yerindən qaçmağı bacarıblar.
İsrail mediaları yazır ki, Yuşvaevin qətlindən sonra ölkənin təhlükəsizlik xidmətləri cinayətkar qruplaşmalar tərəfindən qisas cavablarının ola biləcəyindən narahatdır.
Yanis Yuşvaev mənşəcə Rusiyadandır, İsrail hüquq-mühafizə orqanları və mediaları onu sözdə “qafqaz mafiyası”nın rəhbəri adlandırırdılar. Onun başçılıq etdiyi qruplaşma Or-Akiva, Hadera və Şaron bölgələrində fəaliyyət göstərirdi və polisin məlumatına görə, hədə-qorxu ilə pul tələb etmə, təhdidlər və rəqiblərə hücumlarla bağlı idi.Yuşvaev Rusiya Federasiyası ilə sıx əlaqələrini saxlayırdı: tez-tez Rusiyaya gedirdi və Moskvadakı ən azı iki şirkətin təsisçisi və rəhbəri kimi qeydiyyatda idi. İsraildə o, dəfələrlə ağır cinayətlərdə şübhəli bilinərək saxlanılsa da, bu epizodlar üzrə ona qarşı rəsmi ittiham irəli sürülməmişdi.

Şərhlər