ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya gözlənilməz və məxfi səfəri fonunda regionda diqqətçəkən proseslər baş verir. Məlum olub ki, bu səfər zamanı Vladimir Putinin üç məxfi fərman imzalaması ilə yanaşı, Rusiya və İran arasında Xəzər dənizi üzərindən həyata keçirilən hərbi-logistik daşımalar da qlobal medianın əsas müzakirə obyektinə çevrilib.
Qərb mediasının yaydığı araşdırmaya görə, Qapalı Xəzər dənizi Rusiya və İran arasında hərbi əməkdaşlığın genişləndiyi bir dövrdə əsas logistik dəhlizə çevrilib. Qərb kəşfiyyat sənədlərinə və media məlumatlarına əsasən, Moskva Qərbin hərbi dəniz və hava qüvvələrinin nəzarətindən kənarda qalmaq üçün Xəzər dənizindən hərbi yüklərin daşınması məqsədilə fəal istifadə edir.
NBC News-un əldə etdiyi sənədlərə görə, Rusiya artıq 20-dən çox gəmi vasitəsilə Xəzər dənizini keçərək İrandakı “Amirabad” limanına yüklər çatdırıb. Həmin gəmilərin əhəmiyyətli hissəsi ABŞ və Aİ-nin sanksiyaları altındadır. Bəzi gəmilərin isə marşrut üzərində izlənilməni çətinləşdirmək üçün avtomatik identifikasiya sistemlərini (AIS) söndürdüyü bildirilir. Qərb ekspertləri qeyd edirlər ki, bu daşımalar əsasən ballistik raketlərin döyüş başcıqlarının istehsalında istifadə olunan materialları və digər hərbi təyinatlı ehtiyacları əhatə edə bilər.
Mütəxəssislərin fikrincə, əvvəllər İran Rusiyaya Ukraynadakı müharibə üçün “Şahed” dronları və digər hərbi texnologiyalar ötürməklə dəstək olurdusa, indi ABŞ və İsraillə qarşıdurmada resursları tükənən Tehran öz imkanlarını bərpa etməyə çalışır və Rusiya bu prosesdə Xəzər vasitəsilə İrana qarşılıqlı dəstək göstərir.
Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Barri Pavel qeyd edib ki, iki ölkənin yaxınlaşması fonunda Xəzər dəhlizi hər iki istiqamətdə daşımalar üçün getdikcə daha aktiv istifadə olunacaq.
Xatırladaq ki, CIA direktoru Con Retkliffin Moskvaya səfəri zamanı ABŞ tərəfinin Ukraynadan Rusiya ərazisinə zərbələri müvəqqəti dayandırmağı xahiş etdiyi bildirilmişdi. Ukraynanın Xəzər hövzəsindəki hərbi aktivliyi – o cümlədən, iyul ayında Xəzər dənizindəki hədəflərə və ya İrana aid ticarət gəmilərinə toxunan hadisələr – Vaşinqton və Moskva arasında bu bölgədəki təhlükəsizlik məsələlərinin də ciddi müzakirə olunduğunu ehtimal etməyə əsas verir.
Ekspertlər qeyd edirlər ki, Bosfor boğazından və Aralıq dənizindən fərqli olaraq, dünya okeanına birbaşa çıxışı olmayan Xəzər dənizi Rusiya üçün kənar müdaxilələrdən qorunan təhlükəsiz “bastiondur”. Və məhz bu coğrafi üstünlük indiki gərgin geosiyasi dövrdə Moskva ilə Tehran arasındakı qapalı hərbi-ticarət xəttinin əsas arteriyasına çevrilib.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər