Azərbaycan hərbçiləri üçün ABŞ Müdafiə Dil İnstitutunun (DLI) təlimatçılarının iştirakı ilə dörd aylıq ingilis dili kursuna start verilib. Kurs Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzində təşkil olunub.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər zamanı hərbi qulluqçuların ingilis dili üzrə bilik və bacarıqları inkişaf etdiriləcək. Dörd ay ərzində iştirakçıların dinləmə, oxu, yazı və danışıq qabiliyyətlərinin təkmilləşdirilməsinə yönələn məşğələlər keçiriləcək. Nazirlik xarici dil biliklərini hərbi qulluqçuların peşəkar hazırlığının mühüm istiqamətlərindən biri kimi qiymətləndirir.

"AzPolitika" xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a açıqlama verib:

"ABŞ hərbi təlimatçılarının iştirakı ilə keçirilən dörd aylıq ingilis dili kursları Azərbaycan üçün çox vacibdir. Bundan əvvəl də ABŞ-dan və digər ölkələrdən gələn nümayəndələr Azərbaycan Silahlı Qüvvələrinin zabit və gizirlərinə, eləcə də müxtəlif ixtisas və vəzifələrdə xidmət edən hərbi qulluqçulara ingilis dili təlimləri keçiriblər. Bu kursları başa vuran hərbçilər daha sonra Türkiyə, Böyük Britaniya, İtaliya, eləcə də ABŞ-da keçirilən növbəti təlim və kurslarda iştirak edərək dil biliklərini inkişaf etdirirlər”.

“Azərbaycan hərbçilərinin ingilis dili öyrənməsinin əsas səbəblərindən biri ölkəmizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində il ərzində 200-dən çox tədbirdə iştirak etməsidir. Azərbaycan müxtəlif ölkələrlə birgə hərbi təlimlər keçirir və bu təlimlərdə beynəlxalq ünsiyyət dili kimi əsasən ingilis dilindən istifadə olunur. Hərbçilər həmin tədbirlərdə yalnız nəzəri deyil, praktiki baxımdan da ingilis dilindən istifadə edirlər. Bununla belə, bu kurslar hərbi xidmətdə olan 18-20 yaşlı çağırışçıların hamısına şamil edilmir. Təlimlər əsasən beynəlxalq tədbirlərdə, NATO proqramlarında və beynəlxalq missiyalarda iştirak edən şəxsi heyət üçün nəzərdə tutulur. Bu baxımdan kursların əhəmiyyəti böyükdür. Azərbaycan hərbçiləri beynəlxalq təlimlər zamanı verilən tapşırıqları daha rahat yerinə yetirir, xarici həmkarları ilə ünsiyyət qurur və təlim prosesinin bütün mərhələlərində daha effektiv iştirak edə bilirlər. Dörd aylıq kurslar kifayət qədər intensiv keçirilir və proqramın tam mənimsənilməsi üçün hərbçilərdən ciddi hazırlıq tələb olunur. Ümumilikdə isə Azərbaycan Silahlı Qüvvələrində yalnız ingilis dili deyil, alman, fransız, italyan, çin və digər xarici dillərin də öyrənilməsinə diqqət yetirilir. Azərbaycan hərbçiləri həm ölkə daxilində, həm də xaricdə müxtəlif dil kurslarında iştirak edərək beynəlxalq mühitdə ölkəmizi daha yaxşı təmsil etməyə hazırlanırlar"- o, deyib.