Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müzakirələrində iştirak etmir, lakin hüquqi baxımdan təşkilatın üzvü olaraq qalır.

"AzPolitika" xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalatbek Masadıkov TASS-a müsahibəsində bildirib.

“Biz bu məsələni uzun müddətdir müzakirə edirik. Faktiki olaraq, bu gün Ermənistan KTMT çərçivəsində məsələlərin müzakirəsində iştirak etmir. Ermənistan öz nümayəndələrini, hərbi heyətini və Katibliyin əməkdaşlarını kvota vəzifələrinə göndərmir, həmçinin artıq ardıcıl üçüncü ildir ki, üzvlük haqqı ödəmir. Lakin de-yure Ermənistan KTMT-nin üzvü olaraq qalır”, – deyə o bildirib.

Baş katibin sözlərinə görə, Ermənistan KTMT-nin inkişafına ciddi töhfələr verib və müxtəlif dövrlərdə erməni xalqı ölkə rəhbərliyinin bütün təşəbbüslərini dəstəkləyib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-dən çıxmasını dəstəklədiyini və bunun baş verəcəyi təqdirdə məmnun qalacağını bildirib.

Paşinyanın sözlərinə görə, bu, Yerevanı təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edəcək.

E. Səlimov

AzPolitika