Əgər ruslar 2022-ci ilin payızında Gürcüstana səfərbərlikdən qaçmaq üçün kütləvi şəkildə axışmışdılarsa, hazırda sadəcə səfərbərlik barədə şayiələr kifayət edib ki, eyni ssenari təkrarlansın.
Ötən həftə təxminən 113.000 rus Gürcüstanla sərhəd məntəqəsindən keçib.
“AzPolitika” xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Gürcüstan rusların vizasız quru yolu ilə gedə bildikləri azsaylı ölkələrdən biridir.
Bundan öncə, Rusiya Federal Gömrük Xidməti məlumat vermişdi ki, təkcə 20 avqustda 20.000-dən çox insan Gürcüstana keçib ki, bu da əvvəlki illərlə müqayisədə "əhəmiyyətli artım" deməkdir. Elə həmin gün Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya səfərbərliyin "planlaşdırılmadığını və ya gözlənilmədiyini" bildirmişdi. Lakin o, eyni şəkildə 31 yanvar 2022-ci ildə Ukraynaya heç bir müdaxilənin olmayacağını da demişdi, hətta Qərb ölkələrinin hücuma hazırlıq iddialarını "əsassız və təxribatçı" adlandırmışdı.
"Politico" yazır ki, son aylarda Rusiya hakimiyyət orqanları işəgötürənlər vasitəsilə ehtiyatda olan əsgərlərin şəxsi məlumatlarını fəal şəkildə toplayır, "hətta onların qohumlarının ünvanlarını da öyrənir". Bu, səfərbərlik rəsmi olaraq elan edilməsə belə, orduya yeni “top əti” toplamaq üçün daha səmərəli və gizli metoddur: “Təsəvvür edin ki, sadəcə olaraq müəyyən bir metallurgiya zavoduna 10 avtobus göndərmək və əvvəlcədən razılaşdırılmış sayda konkret insanı birbaşa iş yerlərindən götürmək mümkün olacaq. Sonra avtobus birbaşa hərbi bazaya gedəcək”.
Nəşr yazır ki, Kreml üçün müharibəyə müqaviləli əsgərlər toplamaq getdikcə çətinləşir. Ukrayna hərbi məlumatlarına görə, son aylarda cəbhədə rusların itkiləri ayda 30.000 nəfəri keçib, bəzən isə 40.000-ə çatıb. Orduya isə ayda 30 mindən çox adam toplamaq demək olar ki, mümkün deyil; bəzi aylarda bu rəqəm 27 mini keçməyib.
“AzPolitika.info”

Şərhlər