ABŞ rəhbərliyi son günlər Moskvada keçirilən bir sıra məxfi görüşlərlə bağlı Kiyevə məlumat verib.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanat yayıb.
Zelenski bildirib ki, Amerikan tərəfindən Moskvada təşkil edilən təmaslarla bağlı hesabat alıblar:
"Bu gün Amerika tərəfindən Moskvada son günlərdə baş tutan danışıqlar barədə məlumat aldıq. Orada bir sıra görüşlər keçirilib". Lakin Ukrayna dövlət başçısı Moskvadakı müzakirələrdə konkret kimlərin iştirak etdiyini açıqlamayıb.
Bundan əvvəl "Wall Street Journal" və "Politico" nəşrləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Baltikyanı ölkələrə olası hücumla bağlı Rusiya tərəfinə xəbərdarlıq etmək üçün Moskvaya səfər etdiyini yazmışdı. Qeyd olunur ki, bu səfərin ardınca ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ölkələrinə hücum edə biləcəyi ilə bağlı hər hansı narahatlığının olmadığını bəyan edib.
Məlumata görə, CIA rəhbəri Moskva səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşməyib, lakin bu ölkənin xüsusi xidmət orqanları ilə birbaşa təmasda olub.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin CIA rəhbəri Con Retkliff ilə Moskvadakı görüşünü təsdiqləyib. Narışkin bildirib ki, danışıqlar zamanı sırf iki ölkənin xüsusi xidmət orqanlarının səlahiyyət çərçivəsinə daxil olan məsələlər müzakirə edilib.
“AzPolitika.info”

Şərhlər