Avqustun 28-nə keçən axşam Kiyev vilayətinin Buça rayonunda Rusiya pilotsuz uçuş aparatının (PUA) hərbi təyinatlı anbara zərbə endirməsi və nəticədə baş verən güclü detonasiya nəticəsində ilkin məlumatlara görə, 27 nəfər həlak olub.

"AzPolitika" xəbər verir ki, bu barədə avqustun 29-u səhər saatlarında Kiyev Vilayət Dövlət Administrasiyası məlumat yayıb. Eyni rəqəmi Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiqləyib. Hazırda ərazidə xilasetmə və fəsadların aradan qaldırılması işləri davam etdirilir, həlak olanların sayının arta biləcəyi istisna edilmir. Son məlumatlara görə, 40-dan çox insan xəsarət alıb.

Həlak olanlar arasında xilasetmə əməliyyatında iştirak edən Dmitrovka icmasının rəhbəri Taras Didiç də var. Hadisə yerindən 370-dən çox sakinin təxliyə olunduğu, yaşayış massivində isə ciddi dağıntıların qeydə alındığı bildirilir.

Ukrayna KİV-lərinin və rəsmi şəxslərin yaydığı məlumatlara görə, vurulan anbarda döyüş sursatları saxlanılırmış. Ukraynanın baş naziri Sergey Koretski baş verənləri iyul ayında Kiyev vilayətinin Vişнёvoye kəndində Rusiya hücumundan sonra baş vermiş anbar partlayışı ilə müqayisə edib. Həmin vaxt 9 nəfər həlak olmuşdu. Ukrayna rəsmiləri yaşayış binalarının yaxınlığında döyüş sursatlarının saxlanılmasının yolverilməz olduğunu dəfələrlə bəyan etsələr də, Koretskinin sözlərinə görə, "cinayətkar səhlənkarlıq" Mila kəndində də təkrar olunub.

Rasim

“AzPolitika.info”